Dünya Bankı (DB) xam neft qiymətlərinin 2017-ci il üçün proqnozunu OPEC-in hasilatı azaltmağa hazırlaşması səbəbi ilə 53 dollardan 55 dollar/barelə qədər artırıb. “Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə DB-nin “Xammal bazarlarının monitorinq Hesabatı”nda qeyd olunub. Rübdə bir dəfə hazırlanan hesabatda xammal qiymətlərinin 2017-ci ildə tələbin artması və təklifin azalması ilə bir qədər yüksələcəyi ehtimalı qeyd olunur.
Sənəddə xam neft, təbii qaz və kömür qiymətlərinin 2017-ci ildə 25% arta biləcəyi vurğulanıb. Hesabatı hazırlayan DB-nin iqtisadçılarından biri olan Con Baffes (John Baffes) bildirib ki, gələn il enerji daşıyıcılarının qiymətində önəmli artım proqnozlaşdırılır: “Lakin OPEC-in Vyana sammitində əldə olunacaq razılaşmanın detalları müəyyən edilənə qədər təmkinli olmağa davam edirik”.
Hesabatda metal qiymətlərinin 2017-ci ildə orta hesabla 4,1% artacağı, qızılın isə ABŞ-da uçot dərəcəsinin artması nəticəsində ucuzlaşacağı gözlənilir. Qızılın qiymətinin bu il 1 250 dollar/unsiya, 2017-ci ildə isə 1 219 dollar/unsiya olacağı proqnozlaşdırılır. Tarla məhsullarının gələn il orta hesabla 1,4% bahalaşacağı, ən çox artımın isə taxılda (2,9%) olacağı qeyd olunur.