18 C
Baku
Friday, September 20, 2024

Dünya Bankı: 2030-cu ilədək Transxəzər marşrutu ilə daşımaların həcmi üç dəfə arta bilər

2030-cu ilədək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımalarının həcmi üç dəfə arta bilər. Dünya Bankının (DB) nəqliyyat üzrə baş iqtisadçısı Viktor Araqones belə hesab edir.

“Araşdırmamız üç ölkəni – Qazaxıstan, Azərbaycan və Gürcüstanı əhatə edib. Tövsiyələr dəhlizin işini təkmilləşdirməklə yanaşı, iqtisadi faydaları da artıracaq. Əsas nəticələr bundan ibarətdir ki, düzgün investisiyalar və strateji qərarlar olarsa, ticarət 2030-cu ilə qədər 3 dəfə artaraq 11 milyon tona çata bilər”, – deyə Araqones Astanada keçirilən dəyirmi masada bildirib.

Baş iqtisadçı hesab edir ki, TBNM və ya Orta Ticarət-Nəqliyyat Dəhlizi həm tranzit dəhlizi kimi, həm də Qazaxıstan, Azərbaycan və Gürcüstanda ticarətin şaxələndirilməsinə kömək edəcək və bundan sonra iqtisadi fayda verəcək dəhliz kimi inkişaf etmək potensialına malikdir.

Onun sözlərinə görə, TBNM çərçivəsində ticarətin genişləndirilməsinə imkan verəcək bir sıra tövsiyələr var. Araqones qeyd edib ki, bu gün müştərilər limanlar və operatorlar tərəfindən xidmətlərin pərakəndəliyini müşahidə edirlər, bu səbəbdən tarif, xidmət və fəaliyyət göstəricilərinin vahid formatını təqdim etməklə onların səylərini birləşdirmək lazımdır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə və Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.

Son xəbərlər
Digər xəbərlər