6 C
Baku
Friday, January 17, 2025

Dünya Bankı: ABŞ-nin tarifləri qlobal iqtisadiyyatı yavaşladacaq

Dünya Bankı cümə axşamı, yanvarın 16-da xəbərdarlıq edib ki, ABŞ-nin idxala 10% tariflər tətbiq etməsi onsuz da zəif olan qlobal iqtisadi artımı daha da zəiflədə bilər.

Qeyd edək ki, yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp qlobal idxala 10%, Kanada və Meksikaya 25%, Çinə isə 60% tariflər tətbiq edəcəyini vəd edib.

Dünya Bankı bildirib ki, 2025-ci ildə ABŞ-nin bütün ticarət tərəfdaşları üçün tariflərin 10% artırılması qlobal artımı ildə 0.2% azaldacaq və digər ölkələrin mütənasib cavab tədbirləri ilə mövcud vəziyyəti daha da pisləşdirəcək.

Dünya Bankının ildə iki dəfə dərc olunan “Dünya iqtisadiyyatının perspektivləri” hesabatı 2024-cü ildə olduğu kimi 2025 və 2026-cı illərdə qlobal iqtisadi artımı 2.7% səviyyəsində proqnozlaşdırır. Tənzimləyici xəbərdarlıq edir ki, inkişaf etməkdə olan iqtisadiyyatlar 2000-ci ildən bəri ən pis uzunmüddətli inkişaf perspektivləri ilə üz-üzədir.

İnkişaf etməkdə olan iqtisadiyyatlara birbaşa xarici sərmayələr indi 2000-ci illərin əvvəllərindəki investisiyaların təxminən yarısını təşkil edir və qlobal ticarət məhdudiyyətləri 2010-2019-cu illərin orta göstəricisindən beş dəfə yüksəkdir.

İnkişaf etməkdə olan ölkələrdə artımın 2025 və 2026-cı illərdə 4% olacağı gözlənilir ki, bu da yüksək borc yükləri, zəif investisiyalar və ləng məhsuldarlıq artımı, eləcə də iqlim dəyişikliyi ilə bağlı artan xərclər səbəbindən pandemiyadan əvvəlki proqnozlardan xeyli aşağıdır.

İnkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan iqtisadiyyatlarda ümumi istehsalın pandemiya və sonrakı şoklar səbəbindən 2026-cı ilə qədər pandemiyadan əvvəlki tendensiyadan 5%-dən çox aşağı qalacağı gözlənilir.

Bankın məlumatına görə, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım 2000-ci illərdəki təxminən 6%-dən 2010-cu illərdə 5.1%-ə qədər azalıb və 2020-ci illərdə orta hesabla 3.5%-ə çatıb.

Zəngin və kasıb ölkələr arasında uçurum da genişlənir: Çin və Hindistan istisna olmaqla, inkişaf etməkdə olan ölkələrdə adambaşına orta artım templəri 2014-cü ildən bəri zəngin iqtisadiyyatlarla müqayisədə orta hesabla yarım faiz bəndi aşağıdır.

2024-cü ildə 2.7% artan mal və xidmətlər üzrə qlobal ticarətin 2025-26-cı illərdə orta hesabla 3.1% civarında olacağı, lakin pandemiyadan əvvəlki orta göstəricilərdən aşağı qalacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər