Azərbaycanda binalar enerji istehlakının 38%-ni təşkil edir və bu, dünya üzrə olan göstəricidən yüksəkdir.
Bunu Dünya Bankın energetika üzrə baş mütəxəssisi Florian Kitt Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.
O bildirib ki, sənaye və digər sahələr də daxil edilsə bu rəqəm 50%-ə çatacaq: “Dünyada isə binalar enerji istehlakında 30% paya malikdir. Sovet dövründən qalan istilik sistemi olduqca səmərəsizdir və bu istiqamətdə işlərin görülməsinə ciddi ehtiyac var. Bu istiqamətdə Azərbaycana lazımi dəstəyi göstərməyə hazırıq. Bu məsələlərin həlli ilə bağlı yol xəritəsi də hazırlanır və Dünya Bankı olaraq bu istiqamətdə möhkəm təməl yaratmaq üçün növbəti bir neçə il ərzində kredit formasında maliyyə dəstəyini müzakirə etməyə, layihələndirməyə hazırıq”.