Azərbaycanda Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə qadınların əmək fəaliyyəti ilə bağlı 674 məhdudiyyət aradan qaldırılıb.
Dünya Bankının “Qadınlar, Biznes və Hüquq 2026” (Women, Business and the Law 2026 ) hesabatına əsasən, Azərbaycan hüquqi baza indeksi üzrə 72,18 bal , dəstəkləyici tədbirlər indeksi üzrə 47,58 bal , qanunların icrasının qavranılması indeksi üzrə isə 59,12 bal toplayıb.
Hesabatda ilk dəfə olaraq dünya ölkələrində qanunların sadəcə mövcudluğu deyil, həm də onların necə icra olunduğu araşdırılıb. Məlum olub ki, qlobal miqyasda qadınların iqtisadi bərabərliyini dəstəkləyən qanunlar 100 ballıq sistemdə orta hesabla 67 bal toplasa da, real tətbiq zamanı bu göstərici 53 bala, dövlət dəstək sistemlərinin yetərliyi üzrə isə cəmi 47 bala qədər düşür.
“Hətta gender bərabərliyini təmin edən qanunların mövcud olduğu yerlərdə belə, qadınlar çox vaxt həmin qanunlardan irəli gələn hüquqlarından yararlanmaq üçün zəruri olan institusional dəstəkdən məhrum olurlar. Məhkəmələr, tənzimləyici qurumlar və inzibati sistemlər hüquqi müdafiəni effektiv etmək üçün ya çox zəif, ya resursları qeyri-kafi, ya da çox pərakəndə ola bilər”, -deyə hesabatda qeyd olunub.
Hesabata əsasən, ölkələrin dəstəkləyici mexanizmlər sahəsindəki fəaliyyəti hüquqi bərabərlikdəki fərqləri daha da dərinləşdirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yüksək gəlirli ölkələri 73,04 balla bu sahədə qlobal liderdir, onları 55,61 balla Avropa və Mərkəzi Asiya regionu izləyir.
Digər regionların göstəricilərinin qlobal ortalamadan aşağı qalması hüquqi islahatların real icraya çevrilməsi prosesindəki çətinlikləri göstərir. Regiondaxili ən böyük fərq Şərqi Asiya və Sakit okean regionunda (73,27 bal), ən kiçik fərq isə Avropa və Mərkəzi Asiyada (30,23 bal) qeydə alınıb.
“Qadınlar, Biznes və Hüquq ” hesabatı Dünya Bankı qrupunun hazırladığı, 190 ölkədə qanun-qaydaların qadınların iqtisadi imkanlarına, sahibkarlığına və məşğulluğuna təsirini ölçən illik qlobal araşdırmadır. Hesabat hüquqi çərçivələri, təhlükəsizlik və uşaq baxımı kimi dəstək mexanizmlərini təhlil edərək gender bərabərliyi istiqamətində islahatları təşviq edir.







