28 C
Baku
Wednesday, July 24, 2024

Dünya Bankı: İnsan kapitalını gücləndirən ölkə iqtisadi şoka daha yaxşı davam gətirəcək

İnsan kapitalını gücləndirən və qoruyan ölkələr gələcək iqtisadi şoklara daha yaxşı davam gətirə biləcək.

Bu barədə Dünya Bankının açıqladığı “İnsan kapitalının şoklardan və böhranlardan qorunması” (“Protecting Human Capital through Shocks and Crises”) adlı hesabatda bildirilir.

Sənədə əsasən, əhalisinin təhsilini, sağlamlığını, bilik-bacarıqlarını, yəni insan kapitalını qoruyan ölkələr indi və gələcək sarsıntılar zamanı onları qorumayanlara nisbətən daha az mənfi iqtisadi təsirlərə məruz qalacaqlar.

Hesabatın hazırlanmasını Avropa İtifaqı maliyyələşdirib. Sənəd Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) təhsil, səhiyyə, sosial müdafiə sektorlarının COVİD-19 pandemisyasına və ona qarşı cavab tədbirlərinə verdiyi reaksiyanı Avropa və Mərkəzi Asiya regionunun digər ölkələrinin təcrübəsi ilə müqayisə edib.

Hesabatda insan kapitalını necə qorumaq, daha yaxşı və daha davamlı insan inkişafı sistemləri qurmaq və təkrarlanan böhranların uzunmüddətli təsirlərini minimuma endirmək barədə regionda və ondan kənardakı ölkələr üçün aktual olan dərslər təqdim olunur. Qeyd olunub ki, insanların əldə edə biləcəyi təhsil, səhiyyə və sosial xidmətlərin keyfiyyəti və dayanıqlığı, xüsusilə yoxsul və həssas insanların halında, onların şok və böhranların öhdəsindən gəlmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionundan insan inkişafı üzrə Baş iqtisadçısı Jamele Rigolini bildirib: “İnsanların dolanışığını və rifahını təhdid edən yeni sarsıntılar meydana çıxmağa davam edəcəyi üçün insan kapitalı sistemlərinə indi təcili investisiya qoymaq və insan kapitalını bütün sarsıntılar zamanı qorumaq vacibdir. Hesabatda qeyd olunan dərslər bunlara fokuslanır: 1) səhiyyə sisteminin gələcək böhranlara hazırlığı və monitorinq sahəsində effektiv planların qurulması; 2) böhrandan qaynaqlanan insan kapitalı boşluqlarını aradan qaldırmaq üçün böhrandan sonra cavab tədbirlərinin davam etdirilməsi, 3) insan inkişafı sektorlarının maliyyələşdirilməsinin qorunması, 4) data, informasiya və dəlillərə əsaslanan cavab tədbirlərinin gücləndirilməsi və 5) təhsil, səhiyyə və sosial müdafiə inzibatçılığının və xidmətlərin göstərilməsinin rəqəmsallaşdırılması. Güclü təhsil, səhiyyə və sosial müdafiə sistemləri adi vaxtlarda daha keyfiyyətli xidmətlər göstərməyə və fövqəladə hallara daha yaxşı cavab verməyə qadirdir. Sistemlərin gücləndirilməsi və dayanıqlılıq böyük ölçüdə qarşılıqlı əlaqəlidir, buna görə də insan inkişafı sistemlərinə sərmayə qoymaq həm uzunmüddətli insan kapitalının nəticələrini yaxşılaşdırmağa, həm də insanları böhranlardan qorumağa kömək edir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər