Dünya Bankı (DB) 2024-2025-ci illər üçün qızıl və gümüşün qiyməti üzrə proqnozunu yeniləyib.
Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir.
Hesabata əsasən, 2024-cü ildə qızılın bir troya unsiyasının qiyməti 2 100 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 200 dollar çoxdur.
DB-nin proqnozuna əsasən, 2025-ci ildə qızılın bir troya unsiyasının qiyməti 2 050 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 350 dollar çoxdur.
Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə qızılın qiyməti illik müqayisədə 8.1% artacaq, 2025-ci ildə isə 2.4% azalacaq.
Qeyd olunur ki, 2023-cü ildə qızılın qiyməti 1 943 dollar olub, bu da 7.9% artım deməkdir.
Hesabata əsasən, gümüşün bir unsiyasının qiyməti 2024-cü ildə 25 dollar, 2025-ci ildə isə 26 dollar təşkil edəcək ki, bu da öncəki proqnoz göstəricisindən müvafiq olaraq 1.3 dollar və 3.5 dollar çoxdur.
Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə gümüşün qiyməti illik müqayisədə 6.8%, 2025-ci ildə isə 4% artacaq.
Məlumata görə, 2023-cü ildə gümüşün qiyməti 23.4 dollar olub, bu da 7.4% artım deməkdir.