Dünya Bankı ölkədəki hərbi çevrilişlə əlaqədar Sudana yardığımı dayandırdığını açıqlayıb.
Banker.az xəbər verir ki, “Dünya Bankı bazar ertəsi Sudandakı əməliyyatlarının maliyyələşdirilməsini dayandırıb. Biz vəziyyəti yaxından izləyirik və qiymətləndiririk”, – deyə bankın rəhbəri Devid Malpass söyləyib.
Xatırladaq ki, bazar ertəsi günü Sudanın Baş naziri Abdullah Hamdok və bir neçə digər hökumət rəsmisi hərbiçilər tərəfindən saxlanılıb. Sudanın keçid suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan televiziya ilə xalqa müraciətində fövqəladə vəziyyətin tətbiqi və ölkə hökumətinin buraxılması barədə məlumat verib.
2019-cu ilin aprelində Sudanda dərin iqtisadi böhran və həyat səviyyəsinin aşağı düşməsi fonunda xalq etirazlarının səbəb olduğu hərbi çevriliş olub. 30 il hakimiyyətdə olan prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb, sonra isə həbs edilib.
2021-ci ilin sentyabrında Sudan hakimiyyəti ölkədə hərbi çevrilişə cəhdin qarşısını aldığını açıqlayıb. Silahlı qüvvələrin komandalığından verilən məlumata görə, çevriliş cəhdində şübhəli bilinən 21 zabit və çox sayda əsgər saxlanılıb.
Sudanın Baş naziri çevrilişin ölkədə islahatlara ehtiyac olduğuna işarə etdiyini qeyd edib. Hökumət sabiq prezidenti Ömər əl-Bəşirin tərəfdarlarını qiyamın təşkilatçıları adlandırıb.