Dünya Bankının direktorlar şurası Ukraynaya dəstək üçün yeni fondun yaradılmasını təsdiqləyib, bu barədə “Reuters” yazıb. Qeyd olunur ki, ABŞ, Kanada və Yaponiyanın fonda töhfə verməsi gözlənilir.
Bank müvafiq qərarı dünən, oktyabrın 10-da verib. Buna qarşı çıxan yeganə ölkə Rusiya olub. Gözlənilir ki, yeni fond G7 ölkələrinə ilin sonuna qədər Ukraynaya 50 milyard dollara qədər vəsaitin verilməsi ilə bağlı iyunda keçirilən sammitdə verilən vədi yerinə yetirməyə kömək edəcək. Ölkələrin fonda hansı məbləğdə töhfə verəcəyi hələ açıqlanmayıb.
Oktyabrın 9-da Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 35 milyard avroluq kreditin ayrılması mexanizmini razılaşdırıblar. Xatırladaq ki, 2022-ci ildən Aİ Rusiya Federasiyası Mərkəzi Bankının 220 milyard avroluq aktivlərini bloklayıb.