“Bu ilin I yarısında xammal və əmtəə qiymətləri zəifləyib, amma qısamüddətli perspektivdə – 2024-cü ildə sabitləşəcəyi gözlənir”.
Bunu Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatının meneceri Franziska Ohnsorge bu gün Bakıda keçirilən “Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri” adlı panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə qazıntı yanacağına tələbat azalacaq: “Amma Çində bərpa və yaxud istehlak gözləndiyindən aşağı olsa, bu mənfi risklərə gətirib çıxarar. Amma uzunmüddətli perspektivdə yanacaq ixracatçıları üçün daha böyük çağırışlar var. Azərbaycan da daxil olmaqla qazıntı yanacağı ixracatçıları kənd təsərrüfatı, metal və başqa bu kimi digər əmtəə ixrac edən ölkələr daha çox təbii resurslardan asılıdırlar. Ona görə də enerji keçidi baş verdikdə və tələbat azaldıqda qazıntı yanacağı ixracatçılarına daha çox zərər vuracaq.
Amma qeyd etdiyim digər ixracatçılara isə əksinə fayda göstərəcək. Çünki qazıntı yanacaqlarının ixracından əldə edilən gəlirin ümumi gəlirdə payı yüksəkdir. Ona görə də həmin iqtisadiyyatlar şaxələnməyə getməyə məcbur olacaq”.
F.Ohnsorge hesab edir ki, bu çağırışın öhdəsindən gəlmək onlar üçün olduqca çətin olacaq: “Ola bilər ki, bəzi ölkələrin bu məsələdə bəxti gətirsin və onların digər növ qazıntı yanacaqları olsun. Məsələn, proqnozlara görə, qaz bir qədər daha təmiz yanacaq olduğu üçün ona tələbat uzunmüddətli olacaq”.