Fevralın 19-da Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.
A.Priqojinanın səfəri martın 1-dək davam edəcək.
Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası, Maliyyə və İqtisadiyyat nazirlikləri, Mərkəzi Bankın rəhbərliyi ilə görüşü gözlənilir.
A.Priqojinanın səfəri “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi”nin ikinci hissəsinin başlaması ilə əlaqədardır. Layihənin ikinci hissəsini İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatı (SECO) reallaşdırır. Layihənin WB tərəfindən reallaşdırılan birinci hissəsinin ümumi dəyəri 5 mln. ABŞ dolları civarında olub.
Dünya Bankı ADİF-in fəaliyyətini qiymətləndirəcək
Anjela Priqojinanın Azərbaycana səfəri çərçivəsində Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyəti qiymətləndiriləcək.
Bu barədə Reporta ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, Dünya Bankının missiyası rəhbərlik etdiyi qurumun fəaliyyətinin Əmanətlərin Sığortalanması üzrə Beynəlxalq Assosiasiyanın 16 prinsipinə uyğun olub-olmadığını nəzərdən keçirəcək. Monitorinqdən sonra, fonda bununla bağlı müəyyən tövsiyyələrin veriləcəyi istisna deyil.
Xatırladaq ki, Dünya Bankından olan nümayəndə heyəti fevralın 19-dan martın 1-dək Azərbaycanda səfərdə olacaq.
Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycanda ötən ilin noyabrında olub.