Dünya Bankının prezidenti David Malpass hesab edir ki, yoxsul ölkələr borcdan azad edilməlidir. Onun fikrincə, dövlət nə qədər yoxsuldursa, bahalaşmaya qarşı durmaq bir o qədər çətindir.
Cənab Malpass hesab edir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı “zəngin ölkələrdə yenidən düşünməyə” səbəb olmalıdır. “Biz yoxsul dövlətləri zülmkar borclarından azad etməliyik”, – deyə Malpass qeyd edib.
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və BMT-nin Ümumdünya Ərzaq Proqramı aprelin 14-ü ərəfəsində aclığın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Bəyanatda Ukraynadakı hərbi münaqişənin ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da gərginləşdirdiyi iddia edilir. Dünya Bankının hesablamalarına görə, ərzaq qiymətlərinin bir faiz bəndi artması bütün dünyada təxminən 10 milyon insanı yoxsulluğa sürükləyəcək.