“Dünya Bankının Azərbaycanla bağlı fintex göstəricilərinə baxdıqda məlum olur ki, ölkədə bank hesablarına sahiblik artıb”.
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl BMT-nin Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində Bakıda “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.
“Əgər bir neçə il bundan əvvəl əhalinin 30 %-nin bank hesabı var idisə, indi bu rəqəm 50 %-ə çatıb. Amma bölgələrdə bu rəqəm yüksək deyil. Biz regionlarda əhali ilə söhbətlər aparanda gördük ki, onlar bank hesabının açılmasının ödənişli olduğunu düşünür. Ona görə də biz təşviqat aparmalı, maliyyə savadlılığını regionlarda artırmalıyıq.
Bank hesabı məsələsində həmçinin gender fərqi müşahidə olunur. Kişilər arasında bank hesablarına sahiblik daha çoxdur.
Azərbaycanda 500 000 muzdlu işçinin bank hesabı yoxdur, onların bank hesablarının açılması vacibdir. Digər bir problem insanların banklara etimadı ilə bağlıdır. İnsanlar banklara inanmır, ona görə bank hesabı açmır. Biz bu istiqamətdə də əhali ilə işləyirik”, – deyə o qeyd edib.
“Digər bir məsələ əmanətlərlə bağlıdır, belə ki, pulların yalnız 10 %-i banklarda saxlanılır. Həmçinin hələ də Azərbaycanda əhalinin 200 000 nəfəri kommunal ödənişləri nağd edir. Hökumət “ƏDV geri al” kimi təşviq mexanizmləri tətbiq edir. Bu cür addımlar maliyyə inkluzivliyini artıra bilər”, – deyə Dünya Bankı rəsmisi əlavə edib.