13 C
Baku
Friday, April 19, 2024

Dünya bazarında neftin qiymətinin azalması Azərbaycan büdcəsinə təsir etməyəcək

Gələn il dünya bazarında neftin qiymətinin azalacağı proqnozlaşdırılır. Beynəlxalq enerji agentlikəri, beynəlxalq maliyyə institutları və digər təşkilatların proqnozuna görə dünya bazarında neftin qiyməti təxminən 5% azalacaq. Məsələn, gələn il Beynəlxalq Valyuta Fondu neftin 1 barelinin orta satış qiymətinin, təxminən, 58 dollar olacağını proqnozlaşdırır. Beynəlxalq proqnozları nəzərə alaraq Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 2019-cu ilin dövlət büdcəsi ilə müqayisədə 5 ABŞ dolları aşağı, yəni 55 dollar götürülüb.Yəni, Azərbaycan hökuməti ehtiyatlı davranmağa qərar verib.

Azərbaycan neftinin büdcədəki qiyməti “Brent” markalı neftin orta qiymət proqnozuna əsasən götürülüb. Amma Azərbaycan nefti bu markalı neftlə müqayisədə bir neçə dollar baha satılır. Elə “Brent” markalı neftin Azərbaycanın ixracının əsasını təşkil edən “BTC FOB Ceyhan” markalı neftlə son 10 gündəki qiymətini müqayisə etmək kifayətdir.

Belə ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı Şimal dəniz neft qatışığının 1 barelinin fyuçers qiyməti noyabrın 4-də 56,54 dollar, noyabrın 5-də 57,23 dollar, noyabrın 6-da 56,35 dollar, noyabrın 7-də 57,15 dollar, noyabrın 8-də 57,24 dollar, noyabrın 11-də 56,86 dollar, noyabrın 12-də 56,80 dollar, noyabrın 13-də 57,12 dollar, noyabrın 14-də 56,77 dollar, noyabrın 15-də 57,72 dollar təşkil edib.

Azərbaycanın ixracının əsasını təşkil edən “BTC FOB Ceyhan” markalı (Ceyhan limanından dünya bazarına ixrac edilən) xam neftin qiyməti isə “Brent” markalı neftlə müqayisədə, təxminən, 10 dollar baha satılıb. Noyabrın 4-də “BTC FOB”un 1 barelinin fyuçers qiyməti 66,94 dollara, noyabrın 5-də 67,09 dollara, noyabrın 6-da 66,51 dollara, noyabrın 7-də 66,89 dollara, noyabrın 8-də 66,22 dollara, noyabrın 11-də 66,75 dollara, noyabrın 12-də 66,65 dollara, noyabrın 13-də 66,32 dollara, noyabrın 14-də 66,54 dollara, noyabrın 15-də 67,36 dollara satılıb.

Azərbaycan neftinin “Brent” markalı neftə nisbətən bir neçə dollar baha satıldığı nəzərə alınsa, gələn il “Brent” neftinin proqnozdan bir qədər ucuz olacağı təqdirdə belə, Azərbaycanda büdcənin icrasında heç bir problem olmayacaq. Qeyd edildiyi kimi, hökumət neftin büdcə qiymətini 55 dollar götürməklə özünü sığortalayıb.

Millət vəkili Əli Məsimli: “2020-ci ilin büdcəsində neftin qiymətinə realist yanaşılıb”.

Məsələ ilə bağlı millət vəkili Əli Məsimli “Report”a bildirib ki, büdcənin təqdimatında bu o cür izah edilib ki, dünyada neft bazarında gedən proseslərin təhlili nəticəsində belə bir qənaətə gəlinib: “Bu məsələyə müxtəlif yanaşmalar var və müxtəlif rəqəmlər səsləndirilir.İlk növbədə neftin qiymətinin 2019-2020-ci illərdə ehtimal olunan səviyyəsi ilə bağlı olan proqnozları analiz etsək, görəcəyik ki, müxtəlif mötəbər hesab oluna bilən qurumlar gələn il neftin qiymətinin 57-63 dollar, yəni 60 dollar ətrafında olacağını proqnozlaşdırırlar”. Onun sözlərinə görə, əgər bu proqnozlar özünü doğrultsa, o zaman 2020-ci ilin büdcəsində neftin qiymətinə yanaşmada müəyyən dərəcədə realist yanaşıblar.

İqtisadçı millət vəkili hesab edir ki, büdcədə neftin qiymətini qiymətləndirərkən optimist varianta daha yaxın yanaşılıb: “Çünki dünyada iri dövlətlər arasında gedən ticarət müharibəsi 2020-ci ildə olmasa da, növbəti illərdə bir sıra kataklizmlərə gətirib çıxaracaq. Səbəb ondan ibarətdir ki, iqtisadi qanunlar çox sərtdir. Əgər kimsə iqtisadi qanunları pozursa, gec-tez o cəzalandırılır”.

Ə. Məsimli deyir ki, Azərbaycan da neft hasil edən ölkə olduğu üçün proseslər Azərbaycana da təsir göstərər: “Düzdür, Azərbaycanın büdcəsi elə qurulub ki, onun büdcə gəlirlərinin 47 faizi bilavasitə Neft Fondundan götürülür. Neftin qiyməti aşağı düşsə, bu, Dövlət Neft Fondundan götürülən vəsaitə elə də dəlalət etməyəcək”.

Milli Məclisin deputatı Aydın Hüseynov: “Neftin qiyməti ölkə büdcəsi üçün məqbuldur”.

Millət vəkili deyir ki, neftin qiymətinin dünya bazarında 1 dollar dəyişməsi, aşağı-yuxarı multiplikativ effektlərlə Azərbaycan büdcəsinə təqribən manatla 40 milyon dolların ətrafında olan bir göstəricidə ola bilər: “Hesab edirəm ki, bu da gəlirləri 24 milyard manatdan çox, xərcləri 27 milyard manata çatan büdcə üçün o qədər də böyük göstərici deyil”.

Milli Məclisin deputatı Aydın Hüseynov isə “Report”a açıqlamasında bildirib ki, dövlət büdcəsinə neftdən gələn gəlirlərin cəlb edilməsi metologiya ilə hesablanır və yeni büdcə qaydalarında öz əksini tapıb.

Onun sözlərinə görə, bununla da neftdən gələn gəlirlərin xərclənməsi məlum olur: “Dövlət büdcəsində neftin qiymətinin 55 dollardan götürülməsi çox optimal həddir. Çünki Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, eləcə də digər reytinq müəyyənləşdirən və reytinq müəyyənləşdirməklə yanaşı, büdcə tərtibatı ilə məşğul olan, proqnoz verən institutların bəziləri neftin gələn il üçün proqnozlaşdırılan rəqəmi 57 dollar, bəziləri isə 59 dollar götürüb. Bu səbəbdən də gələn il üçün Azərbaycan dövlət büdcəsində götürülən bu rəqəm normal bir həddir”.

Deputat deyir ki, Azərbaycan artıq dünya iqtisadiyyatına inteqrasiya edib: “Dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatında da özünü mütləq göstərməlidir. Təbii ki, biz onu arzulamırıq, amma dünyada hər hansı kəskin şok prosesi yaşanarsa, bu da Azərbaycana öz təsirini göstərməlidir. Ancaq bununla belə, indiki şəkildə proqnozlaşdırılan qaydada neftin qiymətinin davam etməsi ölkə büdcəsi üçün məqbuldur”.

©Report

Son xəbərlər
Digər xəbərlər