Kənd təsərrüfatı qiymətləri indeksinin ən böyük komponenti olan ərzaq qiymətləri 2023-cü ildə 9 faiz azalıb. Ötən il bir sıra ərzaqların qiymətində azalma olsa da, düyünün qiyməti qalxıb.
Bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında qeyd edilib.
Hesabatda qeyd olunub ki, dünyanın ən böyük düyü ixracatçısı olan Hindistandan basmati olmayan düyü ixracına qoyulan məhdudiyyətlər fonunda onun qiyməti il ərzində 27 faiz artıb. Bundan başqa, vurğulanıb ki, düyünün qiymətində kəskin artım davam edə bilər.
Hesabatda ərzaq qiymətlərinin 2024-cü ildə təxminən 1 faiz, 2025-ci ildə isə 4 faiz azalacağı proqnozlaşdırılır. Ərzaq qiymətləri ilə bağlı əsas risklərə enerji xərclərinin artması, əlverişsiz hava, əlavə ticarət məhdudiyyətləri, Qara dəniz regionunda geosiyasi qeyri-müəyyənlik və uzunmüddətli risklər daxildir.