Dünya iqtisadiyyatı işçilərin stresinə görə 8 trilyon dollardan çox itki verib. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə dünyadakı işçilərin əhval-ruhiyyəsini analiz edən “Gallup” mütəxəssisləri məlumat verib. Onların qiymətləndirməsinə görə, planetdəki on işçidən yeddisi iş yerində müxtəlif çətinliklərdən əziyyət çəkib.
“State of the Global Workplace” araşdırmasının nəticələrindən göründüyü kimi, dünyada işçilərin məşğulluq nisbəti “olduqca aşağı” qalmağa davam edir və 20% olaraq qiymətləndirilir. Analitiklər vurğulayırlar ki, bu göstərici işçilərin əksəriyyətinin ya növbənin bitəcəyini gözləyərək saatlarına baxdığını, ya da işəgötürənlərə qarşı çıxdığını göstərir.
“Gallup” işçilərin işə zəif cəlb olunmasının dünya iqtisadiyyatına 8.1 trilyon dollara (illik ÜDM-nin 10%) başa gəldiyini qeyd edir. İşçilər arasına mənfi duyğuların, yəni stres, narahatlıq, kədər və qəzəb səviyyəsi 2020-ci ildə rekord səviyyəyə çatıb (24%-dən 43%-ə yüksəlib). Ən yüksək stres səviyyəsi amerikalılar və kanadalılar arasında qeydə alınıb (57%).
İşçilərin narahatlığının ən aşağı göstəricisi MDB ölkələrində olsa da, birlik ölkələrinin sakinləri biznesdəki korrupsiyadan şikayət ediblər. Ekspertlər həm də koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsirini qiymətləndiriblər. Dünyadakı insanların 45%-i pandemiyadan təsirlənib, 49%-i iş saatlarının azalması və eyni qədəri əmək haqqının ixtisar edilməsi problemi ilə üzləşib. İşçilərin yarında çoxu (53%) müvəqqəti olaraq iş fəaliyyətini dayandırıb, üçdə biri isə (32%) ümumiyyətlə iş yerini itirib.
Tədqiqat çərçivəsində “Gallup” qrupları 2021-ci ilin mart ayına qədər dünyanın 116 ölkəsində çoxsaylı araşdırmalar aparıblar. Hər bir ölkədə və ya regionda 1000 nəfər iştirak edib. Çin və Rusiya da daxil olmaqla böyük ölkələrin hər birində 2000 nəfər arasında sorğu keçirilib.