2 C
Baku
Tuesday, March 5, 2024

Dünya liderləri İlham Əliyevi təbrik edir – Yenilənir

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri davamlı və sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə genişlənir. Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq diləyirəm”.

***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur.

Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar.

Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm”.

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm.

Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi-qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı şeirlərində olduğu kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim əbədi qardaşlığımızdan danışsın.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq arzulayır, Yeni ildə ən xoş diləklərimi çatdırıram”.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir.

Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb.

Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə məktub göndərib.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ən xoş arzularla ürəkdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və dinamik inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi və digər sahələrdə sanballı uğurlar qazanır, beynəlxalq arenada nüfuzunu artırır.

Tacikistanla Azərbaycan arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət, etimad və anlaşma kimi dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsi məsələlərinə Sizin daimi diqqətinizi yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edib ölkələrimiz arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam etdirməyə daim hazır olduğumuzu təsdiq etmək istərdim.

Əziz dostum, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirəm.

***

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istərdim. Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm”.

***

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ali dövləti vəzifənizdə müstəqil və gündən-günə firavanlaşan Azərbaycan naminə səmərəli fəaliyyətiniz ən dərin hörmətə layiqdir.

Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs ölkənizin regionda və beynəlxalq arenada nüfuzunun və rolunun daim artmasına yönəlib.

İqtisadi potensialın möhkəmləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması həmişə Sizin işinizin əsas prioritetləri olub və prioritetləri olaraq qalmaqdadır.

Fürsətdən istifadə edib Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

***

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Çoxillik səmərəli quruculuq fəaliyyətiniz Sizə Azərbaycan xalqının dərin sevgisini qazandırıb. Zəngin dövlətçilik təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz Sizə respublika vətəndaşlarının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, bütün sahələrdə ölkənin inkişafını təmin etmək və dünya miqyasında onun nüfuzunu yüksəltmək imkanı verir. Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Şübhəsiz ki, Sizin müdrik qərarlarınız MDB iştirakçısı olan dövlətlər arasında inteqrasiya proseslərinin dərinləşməsinə, strateji tərəfdaşlığın və dostluq əlaqələrinin möhkəmlənməsinə sanballı töhfə verir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Azərbaycan Respublikasının gələcək inkişafı naminə çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik”.

***

Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bu gün dinamik inkişaf yolunda inamla irəliləyir, cəmiyyət həyatının bütün sahələrində sanballı uğurlar qazanır və dünyada nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.

Azərbaycan Respublikası ilə Türkmənistanın çoxşaxəli tərəfdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

Sizinlə bu yaxınlarda “Avaza” milli turizm zonasında Türkmənistan-Azərbaycan-Türkiyə Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Həmin görüşdə tərəflərin ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətin durmadan genişləndirilməsinə və möhkəmləndirilməsinə sadiqliyi bir daha təsdiqləndi.

Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlıq xalqlarımızın rifahı naminə dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələri əsasında bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

Son xəbərlər
Digər xəbərlər