16:28 – Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
***
12:15 – Ukrayna Prezidenti Vladimir Zelenski İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
***
10:50 – Qırğız Respublikasının Prezidenti Sadır Japarov İlham Əliyevə zəng edərək onu növbədənkənar prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
***
10:12 – Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev İlham Əliyevə zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
***
09:21 – Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
***
08:59 – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon yenidən Prezident seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib.
“Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.
Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.
Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”, – deyə məktubda bildirilib.
***
08:42 – Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi – əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.
Bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulanıb.
Bildirilib ki, seçkilərdə İlham Əliyevin namizədliyinin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqın irəli sürdüyü strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür.
“Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram. Bu gün Sizin – öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir. Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir”, – deyə vurğulanıb.
Şavkat Mirziyoyev bildirib ki, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlar tam şəkildə həyata keçiriləcək.
“Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.
Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”, – deyə təbrik məktubunda bildirilib.
***
01:30 – Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.
“İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində əldə etdiyi qəti qələbə münasibətilə təbrik edirəm”, – deyə Pakistan Prezidenti vurğulayıb.
Təbrikində iki ölkə arasındakı davamlı dostluğu və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiyini yazan A.Alvi bildirib: “Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzulayırıq!”.
***
08.02.2024, 00:50 – Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.
Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevə ünvanladığı təbrik məktubund bildirib.
Çin Sədri əmin olduğunu bildirib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.
“Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur. Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram. Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm. Dost Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm”, – deyə qeyd olunub.
***
08.02.2024
Prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.
Bu barədə İran Prezidenti İbrahim Rəisi yenidən prezident seçilməsi münasibəti ilə İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Məktubda vurğulanıb ki, Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ilk dəfə bütün ərazilərdə seçkilərin keçirilməsi daha böyük əhəmiyyət kəsb edir.
“İki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasındakı qədim tarixi, dini və ortaq mədəni cəhətlər, dərin mənəvi bağlar, iki ölkənin müxtəlif sahələr üzrə birgə maraqları ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaqlar yaratmışdır. Əmin olduğumu bildirirəm ki, Zati-alinizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq. Allah-Taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”, – deyə məktubda bildirilib.
***
07.02.2024, 22:17 – Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri, möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.
Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.
Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.
Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
07.02.2024, 22:12 – İraq Prezidenti İlham Əliyevə zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.
***
07.02.2024, 21:22 – Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident, Əziz Qardaşım.
Bu gün keçirilən seçkilərdə uğur qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə millətim adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.
Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.
Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.
Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm.
Bu düşüncələrlə seçkilərdə zəfərinizin həm qardaş Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm”.
***
07.02.2024, 21:15 – Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
***
07.02.2024, 20:10 – Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
***
07.02.2024, 20:07 – Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.