28 C
Baku
Thursday, August 7, 2025

Dünya mərkəzi bankları ikinci rübdə daha 166.5 ton qızıl alıb

Dünya mərkəzi bankları 2025-ci ilin ikinci rübündə daha 166.5 ton qızıl alıblar. Bu göstərici 2010–2021-ci illər arasında olan orta rüblük alışı təxminən 41% üstələyir. Tələbin ilin qalan hissəsində də yüksək səviyyədə qalacağı gözlənilir.

2025-ci ilin ikinci rübündə birjadankənar ticarət də daxil olmaqla qlobal qızıl tələbi ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1248.8 metrik tona çatıb, bu barədə Ümumdünya Qızıl Şurasına istinadən (WGC) “Reuters” məlumat yayıb.

WGC-nin məlumatlarına görə, qızıla investisiya qoyuluşu 75% artıb və bu, bazara əhəmiyyətli təkan verib.

Dolların digər valyutalar qarşısında zəifləməsi və investorların ABŞ prezidenti Donald Trampın ticarət müharibələrindən qiymətli metala “sığınması” nəticəsində qızıl bu il dörddə birdən çox bahalaşıb.

Bununla yanaşı, ikinci rübdə zərgərlik məmulatlarına qlobal tələb 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, çünki yüksək qiymətlər istehlakçıları alışları təxirə salmağa və ya daha yüngül çəkidə olan parçalara üstünlük verməyə məcbur edib. Bununla belə, qiymətlərin sürətli artımını nəzərə alsaq, həmin dövrdə alınan qızıl-zinət əşyalarının dəyəri bir il əvvəlkindən hələ də 20% baha olub.

Son xəbərlər
Digər xəbərlər