Dünya ölkələrinin mərkəzi bankları, görünür, qarşılıqlı əməkdaşlığı qoruyub saxlamaqla ənənəvi vəzifələrini – inflyasiyanı aşağı səviyyədə saxlamaq vəzifəsini yerinə yetirməkdən savayı, maliyyə sabitliyinin təmin edilməsinə daha çox diqqət yetirməli olacaqlar. Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqard bir gün əvvəl Portuqaliyanın Sintra şəhərində keçirilmiş konfransda çıxış edərkən deyib.
BVF-in rəhbəri “Finmarket” elektron nəşrində verilmiş çıxışında deyib: “Monetar siyasəti yükləməmək üçün biz maliyyə sektorunda daha yaxşı standartlara can atmalıyıq. Lakin makroprudensial siyasətin yetərli olmadığı yerdə maliyyə sabitliyinin qorunub saxlanmasında pul-kredit siyasətinin rolu əvvəlkindən daha çox olacaqdır”.
K.Laqard etiraf edib ki, maliyyə sabitliyinin qorunub saxlanmasında dünya mərkəzi banklarının rolunun artması mərkəzi bankların müstəqilliyi üçün təhlükə yarada bilər, çünki “maliyyə sabitliyi” termini müxtəlif mənalarda başa düşülə bilər.
K.Laqardın çıxışı ilə Sintrada Avropa Mərkəzi Bankının keçirdiyi iki günlük konfrans açılıb.
Konfransda dünya mərkəzi banklarının, habelə bir sıra beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri iştirak edirlər.
Sia.az