Son bir ildə dünyada milyarderlərin sayı 2544-dən 2682-yə yüksəlib, onların ümumi sərvəti isə 17% artaraq 14 trilyon dollara çatıb, bu barədə UBS bankının tərtib etdiyi “Billionaire Ambitions” hesabatında deyilir.
UBS-in qeyd etdiyi kimi, on il ərzində dünyada milyarderlərin sayı 50%-dən çox, onların ümumi sərvətləri isə 121% artıb. 2015-ci ildə dünyada 1757 milyarder var idi və onlar birlikdə 6.3 trilyon dollara sahib idilər.
Bu illər ərzində qadın milyarderlərin sayı da artıb – 190-dan 344-ə qədər (81%). Onların ümumi sərvəti 153% artaraq 1.7 trilyon dollara çatıb.
Son on ildə ən çox Şimali Amerika milyarderləri varlanıb. 2015-2020-ci illər arasında Şimali Amerika zənginlərinin ümumi sərvəti 52.7% artaraq 3.8 trilyon dollara, 2020-ci ildən 2024-cü ilə qədər isə 58.5% artaraq 6.1 trilyon dollara yüksəlib. Beləliklə, dünyanın bütün milyarderlərinin ümumi sərvətinin 40%-dən çoxu onların payına düşür.
Qərbi Avropa milyarderlərinin sərvətlərinin artım tempi, Şimali Amerika milyarderlərindən fərqli olaraq, yüksək faiz dərəcələri fonunda 2020-ci ildən aşağı düşüb. Əgər 2015-2020-ci illərdə onların sərvəti 43.6% artaraq 2.1 trilyon dollar təşkil edibsə, 2020-ci ildən 2024-cü ilə qədər cəmi 29% artımla 2.7 milyard dollar olub.
2015-2020-ci illər arasında artımın 20%-i ötdüyü Çində 2020-ci ildən bəri milyarderlərin ümumi sərvəti tənzimləmələrin sərtləşdirilməsi və kapital indekslərinin düşməsi fonunda hər il 5% azalıb. Hesabatda Rusiya haqqında məlumatlar əks etdirilməyib.