Neftin aşağı qiymətləri səbəbindən dünyanın ən iri neft-qaz şirkətləri iş yerlərini ixtisar edir, xərcləri və investisiyaları azaldır. Bu proses koronavirus pandemiyası dövründəki bazar çökməsindən bəri ən sürətli templə gedir, “Financial Times” yazır.
İxtisar qərarı verən şirkətlər arasında Britaniyanın “BP” şirkəti də var. Avqustun əvvəlində şirkət rəhbərliyi bildirib ki, ən azı 15% işçi heyətini ixtisar etməyi planlaşdırır: 40 min əməkdaşdan 6.2 min nəfər. May ayında oxşar qərar barədə Amerika şirkəti “Chevron” xəbərdarlıq etmişdi. Ümumilikdə şirkət bütün dünyada 20% əməkdaşını işdən azad etməyi planlaşdırır.
“FT”nin qeyd etdiyinə görə, bazardakı qeyri-sabit vəziyyət dövlət şirkətlərinə də təsir edib. İqtisadiyyatın diversifikasiyası üçün kapital cəlb etmək məqsədilə Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti 10 milyard dollar dəyərində boru kəməri şəbəkəsində pay satıb, Malayziyanın “Petronas” şirkəti isə 5 min işçini ixtisar edib.
Xüsusilə ABŞ-nin şist sənayesi zərbə alıb, nəşr yazır. Ötən həftə Amerikanın “ConocoPhillips” şirkəti elan edib ki, 2025-ci ilin noyabrından başlayaraq genişmiqyaslı restrukturizasiya çərçivəsində kütləvi ixtisarlar aparmağı planlaşdırır. Ümumilikdə işdən azadetmələr 2.6 mindən 3.2 minədək işçini əhatə edə bilər.
Hazırda “Brent” markalı neftin qiyməti bir barel üçün 66 dollar səviyyəsindədir. Konsaltinq qrupu “Wood Mackenzie” proqnozlaşdırır ki, 2026-cı ilin əvvəlinə qədər “Brent”in qiyməti 60 dollara enəcək və bir neçə il bu səviyyədə qalacaq. Analitiklərin xəbərdarlığına görə, cari ildə qlobal neft və qaz hasilatına qoyulan xərclər 4.3% azalaraq 341.9 milyard dollara düşə bilər.
Sentyabrın əvvəlində “Brent” nefti nəzərəçarpacaq dərəcədə bahalaşıb. Noyabr fyuçerslərinin qiyməti bir barel üçün 69 dolları keçib. Proqnozların əksinə olaraq qiymətlər artmağa davam edib. Bu, OPEC+ ölkələrinin (Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Qazaxıstan, İraq, Küveyt, Oman və Əlcəzair) oktyabr ayı üçün neft hasilatının sentyabra nisbətən gündəlik 137 min barel artırılması barədə qərarı fonunda baş verib.