“Visual Capitalist” 2020-2025-ci illərdə dünya üzrə müxtəlif ölkələrdəki yığılmış inflyasiya göstəricilərini dərc edib. Ən böyük inflyasiya Argentinada qeydə alınıb — 2 614%. Ölkə 2020-ci ildə yeddinci dəfə dövlət defoltuna uğrayıb, sonra isə qtisadiyyatı canlandırmaq məqsədilə pul çapını artırıb, bu isə inflyasiyanın kəskin yüksəlməsinə gətirib çıxarıb.
Bu arada, Avropada Macarıstan (52%), Rusiya (44%), Polşa (42%) və Çexiya (39%) kimi ölkələr Rusiyа–Ukrayna müharibəsi nəticəsində enerji xərclərinin artması ilə əlaqədar olaraq kəskin qiymət artımı yaşayıb.
Bu təsir Böyük Britaniyada nisbətən zəif olub — burada qiymətlər 24% artıb.
Avropa üzrə İsveçrə ən az təsirlənən ölkə olub — İsveçrə frankının gücü sayəsində yığılmış inflyasiya cəmi 6% təşkil edib. Bu ilin may ayında inflyasiya mənfi göstəriciyə düşdüyündən, İsveçrə Mərkəzi Bankı faiz dərəcələrini 0%-ə endirib.
Amerikada isə 2020-ci ildən bəri qiymətlər 23% artıb. Son bir ildə elektrik qiymətləri inflyasiya tempindən iki dəfə çox artıb, mal ətinin qiyməti isə 2024-cü ilin avqustundan bəri 16% bahalaşıb. Pandemiyadan sonrakı dövrdə inflyasiya tədricən azalmasına baxmayaraq, bazarın bəzi əsas seqmentləri hələ də amerikalılar üçün yaşayış xərclərinə təzyiq göstərməkdə davam edir.
Qeyd edək ki, İstehlak inflyasiyası — ev təsərrüfatlarının real olaraq aldığı mal və xidmətlərin qiymətlərinin artımıdır. Məsələn: qida, mənzil, nəqliyyat, geyim və tibbi xidmətlər.
“Adi” inflyasiya isə daha geniş anlayışdır — bu, ümumilikdə iqtisadiyyatda qiymətlərin artımını ifadə edir. Buraya şirkətlər üçün xammalın və ara məhsulların qiymətləri də daxildir.
Məsələn: zavod üçün poladın, emal üçün neftin və sənaye istehsalı üçün kimyəvi maddələrin dəyəri.