11 C
Baku
Şənbə, Dekabr 4, 2021

“Dünya praktikasında Asiya, Avropa, Latın Amerika forumları mövcuddur. Elə isə nədən Qafqaz forumunu təşkil etməyək?”

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin sədri Azər Əliyev ilə müsahibə

– Aldığımız məlumata görə, bu il də ölkəmizdə növbəti beynəlxalq sığorta forumu keçiriləcək. Forumun keçiriləcəyi tarix bəllidirmi və budəfəki forumun mövzusu necə olacaq?

– Bəli, bu il də Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin dəstəyi ilə III Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Forum 4-5 iyul 2012-ci il tarixləri arasında, yenə də paytaxtımızda təşkil olunacaq. Budəfəki mövzu isə “Qafqaz regionunda Sığorta bazarının tendensiya və perspektivləri. Təkrarsığorta üçün potensiallar və investisiyalar” olacaq.

Bu dəfə də regionda, xüsusilə Azərbaycanda sığorta sahəsinin inkişafında əldə olunmuş nailiyyətləri, həmçinin bu sahədə mövcud invesitisiya və təkrarsığorta potensialını Forum iştirakçılarına keyfiyyətli formada təqdim etmək üçün əlimizdən gələni edəcəyik.

Nə üçün məhz Qafqaz forumu?

Mövzunun məhz bu cür seçilməsi heç də təsadüfi deyil. Azərbaycan bütün Qafqaz regionunda iqtisadi və sosial inkişafa görə lider ölkə hesab olunur. Ölkəmizdə sığorta sahəsində aparılmış və hal-hazırda aparılan islahatlara isə bəzi inkişaf etmiş ölkələr belə həsəd apara bilər. Dünya praktikasında Asiya, Avropa, Latın Amerika forumları mövcuddur.

Elə isə nədən Qafqaz forumunu təşkil etməyək?

Qafqaz regionu tarixən bir çox böyük ölkələrin maraq dairəsində olmuşdur. Bizim region Avropa və Asiyanı birləşdirən nəqliyyat arteriyası olaraq potensial investorlar üçün daima maraqlı olmuşdur. Bu tip tədbirlər məhz Qafqaz regionunun potensialının təbliği, həmçinin yeni tanışlıqlar və təcrübə mübadiləsi üçün gözəl imkandır.

 Qafqaz forumunu Azərbaycanda keçirməyin nə kimi üstünlükləri var?

– Azərbaycan artıq regional miqyasda lider ölkə kimi bu tip beynəlxalq forumlara ev sahibliyi etmək iqtidarındadır. Qafqaz forumunu keçirməklə biz Azərbaycanın sığorta sahəsinin tənzimlənməsi və icbari sığorta növlərinin tətbiqi məsələlərindəki uğurlu təcrübəsini bölüşməklə, qonşu ölkələrdə həmin sahələrin inkişafı üçün zəmin yaratmış olarıq.

Bilirsiniz ki, ölkə Prezidenti və höküməti tərəfindən bu tip beynəlxalq tədbirlərin ən rahat şərtlər əsasında həyata keçirilməsi üçün bir çox işlər görülmüş və görülməkdədir. Siz özünüz də Bakıda təşkil olunan bu qəbildən olan forumların, konfransların, idman yarışlarının sayının günbəgün artığının şahidi olmusunuz. Bu yaxınlarda ölkəmizdə keçirilmiş Eurovision mahnı müsabiqəsi də buna bariz nümunədir. Ölkəmizdə sığorta sahəsində aparılan islahatlar, həmçinin bugünkü Bakımızın gözəlliyi – mən bu tip tədbirin həyata keçirilməsi üçün daha yaxşı məkan görmürəm.

Ona görə də Qafqaz Forumunun ölkəmizdə keçirilməsi ölkəmizin, həmçinin ölkəmizdə mövcud Sığorta Bazarının təbliği, eləcə də yeni tanışlıqlar baxımından çox böyük rol oynayacaq.

Azər bəy, beynəlxalq tədbirlərdə ölkəmizin sığorta sahəsində təbliği nə dərəcədə aparılır?

Ötən ilin sonlarından başlayaraq, biz dünya sığorta cəmiyyətini Azərbaycan və onun mövcud Sığorta bazarı barədə daha fəal məlumatlandırmaq qərarına gəldik. Bu sahədə ilk əhəmiyyətli addım ötən ilin sonunda Baden-Badendə keçirilmiş tədbirdə iştirakımız hesab oluna bilər. Həmin vaxt ilk dəfə AzRe Təkrarsığorta Şirkətinin rəhbəri və Beynəlxalq Sığorta Şirkətinin nümayəndəsi təqdimatlarla çıxış edərək ölkəmizin Sığorta bazarı barədə tədbir iştirakçılarına ümumi məlumat vermiş, bu barədə müxtəlif çap materialları hazırlamışlar.

Lakin biz bununla kifayətlənmədik. Bu ilin əvvəlindən başlayaraq, şəxsən mən müxtəlif ölkələrin beynəlxalq sığorta forumları və konfranslarında iştirak etmək və Azərbaycanın Sığorta bazarının uğurları barədə orada təqdimatlar həyata keçirmək üçün bir sıra maraqlı dəvətlər alıram.

Qeyd etmək istərdim ki, artıq bir çox ölkələr Azərbaycanın sığorta bazarına maraq göstərir. Biz həmçinin mart ayında Türkiyənin İstanbul şəhərində, may ayında isə Rumıniyanın Sinaye şəhərində keçirilmiş Sığorta forumlarında iştirak etmiş və həmin tədbirlərdə Azərbaycanın sığorta bazarına dair statistik rəqəmləri, göstəriciləri, yenilikləri özündə əks etdirən müxtəlif təqdimatlarla çıxış etmişik. Yeri gəlmişkən, bütün tədbirlərdə biz Azərbaycanın İcbari Sığorta Bürosunun rəhbəri Elxan Quliyevlə birgə iştirak edirik.

Bu tip tədbirlərdə iştirak etməklə və xüsusən də belə tədbirlərə ev sahibliyi etməklə biz Azərbaycanın sığorta bazarının faktiki təbliğatını aparmış oluruq.

Buna görə hesab edirəm ki, Azərbaycanın sığorta bazarının daha geniş təbliğatının aparılması baxımından Qafqaz forumunun ölkəmizdə keçirilməsinin müstəsna  rolu olacaqdır.

Hansı ölkələrdən ekspertlər iştirak edəcək və ya ümumilikdə ekspertlərin təqribi sayı barədə, zəhmət olmasa bir neçə cümlə.

– Bu Forumda biz təqribən 200 nəfərin iştirakını gözləyirik. Birinci növbədə onlar Avropa və MDB ölkələrindən olan sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri olacaq.

Bu dəfə biz tədbiri həm yerli, həm də xarici mətbuatda daha geniş işıqlandırmağa çalışacağıq. Hazırda Avropanın bir neçə informasiya agentlikləri ilə media əməkdaşlıq mövzusunda fəal danışıqlar aparmaqdayıq.

Qürurla bildirmək istərdim ki, bu dəfə biz Forumun gedişatını əks etdirən və 3 dildə fəaliyyət göstərən çox keyfiyyətli və interaktiv sayt hazırlamışıq (www.aiif.az). Orada Forumun proqramı, iştirakçıları və sponsorlar haqqında bütün məlumatlar yerləşdirilmişdir. Fürsətdən istifadə edərək, Forumun baş sponsorları AzRe Təkrarsığorta Şirkəti və onun rəhbəri Çingiz Mehdiyeva və AzSığorta Şirkəti və onun rəhbəri Anar Talıbova, həmçinin digər sponsorlarımız olan Standard Insurance Şirkəti və rəhbəri Kamal İbrahimova, Atəşgah Həyat Sığorta Şirkəti və onun rəhbəri Əkbər Mədətliyə, eləcə də İpək Yolu Sığorta Şirkəti və rəhbəri Niyazi İmanova dərin minnətdarlığımı bildirirəm. Saytda həmçinin ötən illərdəki forumların (2008-2011) arxivi, proqramları, təqdimatları və fotoları yer almışlar.

 Forumda hansı mövzular müzakirə olunacaq?

İki gün davam edəcək Forumda “Qafqaz regionunun sığorta bazarına ümumi baxış”, “İcbari sığorta növləri, bazarın inkişafına təsir gücü”, “Qafqaz ölkələrində və Mərkəzi Asiyada təkrarsığorta üçün perspektivlər”, “İnkişaf edən bazarda Həyat Sığortası”, “Sığorta bölgüsü” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq. Panellər həm yerli, həm də xarici ekspertlər tərəfindən idarə olunacaq. Forumda ekspert qismində Belçikanın Council of Bureaux təşkilatının prezidenti Marius W. Wichtowski, həmçinin Azərbaycan və Gürcüstan Respublikalarının Dövlət Sığorta Nəzarəti Xidmətlərinin rəsmiləri iştirak edəcəklər.

Forumun sığorta sahəsinə marağı olan hər bir kəs üçün maraqlı olacağına əminəm.

Son xəbərlər
Oxşar xəbərlər
X