7 C
Baku
Friday, February 13, 2026

“Dünya təhlükədədir”: Anthropic, OpenAI və xAI-nin bir neçə tədqiqatçısı gələcəklə bağlı narahatlıqlar səbəbilə şirkətlərdən ayrılıblar

“Anthropic”, “OpenAI” və “xAI” şirkətlərinin bir neçə tədqiqatçısı süni intellekt siyasətini tənqid edərək demək olar ki, eyni vaxtda şirkətləri tərk edib.

Bunlardan biri “Anthropic”in süni intellekt təhlükəsizliyi üzrə tədqiqat qrupunun rəhbəri Mrynanq Şarma olub, bu barədə “Axios” yazıb. O, “X” sosial şəbəkəsində şirkətdən ayrıldığını bildirib və həmkarlarına ünvanladığı məktubu paylaşıb.

Şarma süni intellekt modellərinin niyə istifadəçilərə uyğunlaşdığını, “Sİ köməkçilərinin bizi necə daha az insani edə biləcəyini” araşdırır, həmçinin çat-botların bioterrorizm məqsədilə istifadəsi risklərini öyrənirdi.

“Dünya təhlükədədir. Və məsələ yalnız süni intellektdə və ya bioloji silahlarda deyil, hazırda eyni vaxtda inkişaf edən bir-biri ilə əlaqəli böhranlar silsiləsindədir”, — deyə Şarmanın məktubunda bildirilir. O vurğulayıb ki, “Anthropic”də işlədiyi müddətdə davamlı olaraq öz dəyərlərində güzəştə getməli olub.

2026-cı ilin yanvarında “Anthropic” “Cowork” adlı alətini təqdim edib və bildirib ki, onun kodu “Claude” tərəfindən cəmi 10 gün ərzində yazılıb.

Fevralın 9-da “xAI”nin iki həmtəsisçisi Cimmi Ba və Toni Vu şirkəti tərk etdiklərini elan ediblər. Ba qeyd edib ki, “2026-cı il çılğın olacaq və yəqin ki, növümüzün gələcəyi üçün ən gərgin (və ən əhəmiyyətli) il olacaq”. Bu hadisə “SpaceX” ilə “xAI”nin birləşməsindən sonra baş verib. “Bloomberg” mənbələrinin məlumatına görə, bu razılaşma nəticəsində şirkətin dəyəri 1,25 trilyon dollar olacaq.

2026-cı il fevralın 11-də “OpenAI” tədqiqatçısı Hieu Fam “X”də yazıb ki, “nəhayət, o, süni intellektin yaratdığı ekzistensial təhlükəni hiss edib”.

Həmin həftə tədqiqatçı Zoi Hitsiq də “OpenAI”dən ayrılıb. 11 fevral 2026-cı ildə “The New York Times” qəzetində dərc olunan məqaləsində o, şirkətin “ChatGPT”də reklam yerləşdirmək qərarı ilə bağlı “ciddi şübhələri” olduğunu yazıb. Onun sözlərinə görə, startap istifadəçilərin sağlamlığı, şəxsi münasibətləri, qorxuları və inancları da daxil olmaqla geniş şəxsi məlumat arxivindən istifadə etməklə manipulyasiya üçün güclü resurslara malikdir.

Son xəbərlər
Digər xəbərlər