Dünya ticarətində yerli valyutadan istifadə nə dərəcədə realdır?

ABŞ hökümətinin dolları öz ticarət tərəfdaşlarına qarşı siyasi məqsədlər üçün silah kimi istifadə etməsindən sonra, dünya ticarətində dollardan asılılıq daha yüksək səslə müzakirə edilməyə başlanmışdır. Xüsusilə ABŞ hökümətinin bu iqtisadi silahı Çin və Avropa Birliyi kimi tarixi ticarət tərəfdaşlarına qarşı işlətməsi, bu riskdən heç kimin sığortalanmadığını sübut etdi.

Son olaraq Türkiyə ilə siyasi anlaşılmazlıqda, dolların təzyiq vasitəsi kimi istifadə etməsindən sonra, Türkiyə öz ticarət tərəfdaşları Rusiya və İran ilə qarşılıqlı olaraq ticarətdə dollardan imtina üçün hazırlıqlara başladı. Bu yeni plana əsasən, məsələn, Türkiyə Rusiyadan qaz idxal etdikdə rubl ilə, Rusiya isə Türkiyədən portağal idxal etdikdə türk lirəsi ilə ödəniş həyata keçiriləcək. Hər şey sadə görünsə də, əsas düşündürücü sual odur ki, dünya ticarətində yerli valyutanın istifadəsi nə dərəcə realdır?

Birinci onu qeyd etmək lazımdır ki, belə qapalı modellərin işləməsi ticarət ortağı ilə tədiyyə balansı bərabər və ya bir-birinə uyğun olmalıdır. Məsələn, ölkələrin birindən digərinə 10 milyon dollar ekvivalentində mal ixrac olunursa, ticarət ortağı ikinci ölkədən də digər ölkəyə təxmini həmin məbləğdə ixrac olmalıdır. Belə olduqda, ölkələr arasında valyuta mübadiləsi iqtisadi cəhətdən hər iki ölkəyə sərf edir və tədiyyə balansı pozulmur. Tərsini fikirləşə bilərik. Məsələn, A ölkəsinin B ölkəsi ilə açıq tədiyyə balansı var, yəni A ölkəsi B ölkəsindən daha çox idxal edir. Yerli valyutalı ticarətə keçmək üçün, A ölkəsi B ölkəsinin valyutasını almalıdır. Əsas problem odur ki, nəyin müqabilində A ölkəsi B ölkəsinin valyutasını almalıdır? Nəzərə alsaq ki, A ölkəsinin B ölkəsi ilə ticarət balansı mənfidir, onda A ölkəsinin artıq valyutası B ölkəsinin investorları üçün cəlbedici olmamalıdır (bu əlavə açıq valyuta mövqeyi yarada bilər, həm də ixracatın maksimum səviyyədən artıq valyuta sadəcə olaraq səmərəsizdir). Deməli, A ölkəsi daha çox B ölkəsinin valyutasını almaq üçün, hamı tərəfindən qəbul edilən əmtəədən istifadə etməlidir: yəni dollardan!

Tarazlaşdırılmış tədiyyə balansı olmayan ölkələr ticarət etdikdə valyutaların birinə daha çox tələb yaranır. Bu da həmin valyutanın daha da qiymətlənməsi deməkdir. Qiyməti artmış valyuta ilə ixrac etmək isə ölkələrə iqtisadi cəhətdən sərf etmir. Yəni, heç bir ölkə öz valyutasının ticarət tərəfdaşının valyutasına qarşı qiymətlənəcəyi ticarət modelindən istifadə etməz.

Ticarət tərəfdaşlarını maraqlandıran bir digər məqam ixrac etdikləri əmtəə və ya məhsulunun istehsal xərcinin qarşılanmasında yerli valyutanın roludur. Əgər ölkədə ixrac edilən malın istehsalının özü idxaldan asılıdırsa, ixracdan əldə edilən valyuta üçüncü ölkənin valyutasına çevirməlidir ki, malın maya dəyəri ödənilsin. Əgər üçüncü ölkə ilə qarşılıqlı razılaşma yoxdursa, yenə də dollar yegənə çıxış variantıdır. Qarşılıqlı ticarət razılaşması olsa belə, idxalda və ixracda fərqli valyutalar istifadə edən ölkə, sonda bir neçə funksional olmayan valyutada açıq mövqe ilə qarşılaşacaq və tədiyyə balansına müdaxilə daha da çətinləşəcək.

İqtisadi nəzəriyyələrə də əsaslanaraq demək mümkündür ki, yaxın müddətdə dollarla ticarətdən imtina real görünmür. Onu da qeyd etmək lazımdır ki, dolları təkcə kağız pul kimi dəyərləndirmək olmaz. Dünya borc bazarlarının 51%-i, valyuta bazalarında isə əməliyyatların 44% -i dolların payına düşür. Dolların bu bazarlarda dominant mövqeyi onun daha likvid valyuta olması ilə nəticələnir. Likvid resursun olması, ölkələrin digər variantlar axtarmağını səmərəsiz edir. Dünyada valyuta rejiminin dəyişməyi asan prosses deyil. Misal üçün deyə bilərik ki, 1944-cü ildə dolların Britaniya funt sterliqinin əvəzinə dominant valyuta olması üçün həm iqtisadi, həm də siyasi kataklizmlərin (dünya müharibələri) rolu olmuşdur.

Müəllif: Ali Dadashzade ACCA