-1 C
Baku
Sunday, December 15, 2024

Dünya Ticarət Təşkilatının yaranma tarixi və funksiyaları

Müəllif: Əfqan Quliyev

İkinci Dünya Müharibəsindən sonra ölkələr arasında barışığı təmin etmək məqsədi ilə beynəlxalq iqtisadi əməkdaşlığa  başlanmasının vacib oldugu qərarlaşdırılmışdır. Bu çərçivədə bir sıra dövlətlər bəzi ölkələrin inkişaf səylərinə kömək göstərilməsi, beynəlxalq ticarətin sərbəst inkişaf etdirilməsi məqsədi ilə yeni qurumların yaradılması istiqamətində müzakirələrə başlamışlar. 

Bu fəalıyyətin nəticəsi kimi İlk olaraq Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) kimi təşkilatların yaradılması qərara alınmışdır. Birinci və İkinci Dünya müharibələri arasındakı dövrdə beynəlxalq ticarətdə  görülən məhdudlaşdırıcı  tədbirlərdən bir sıra dövlətlər, xüsusən də sənayeləşmiş ölkələr narahat olurdu.Çünki sənaye istehsalının sürətlə inkişaf etdiyi bu ölkələrdə iqtisadi həyatın dinamikliyi böyük miqyasda geniş xarici bazarın varlığına bağlı idi.

Bu məqsədlə Qərb ölkələri hələ İkinci Dünya müharibəsi başa çatmadan çox funksiyalı bir Beynəlxalq ticarət və ödəmə sistemi yaratmaq istiqamətində təşəbbüslə çıxış edirdi.

1947-1948 ci illərdə beynəlxalq ticarətin sərəbəstləşdirilməsi məqsədi ilə Havanada 50-yə yaxın ölkənin təmsilçisi toplanmış və buna uyğun olaraq Beynəlxalq Ticarət Təşkilatının yaradılmasına dair Qanun hazırlanmışdır. Bu müzakirələr zamanı qəbul edilmış tarif endirimlərinin üzv ölkələrin parlamentləri tərəfindən təsdiqlənməsinə qədər olan dövr ərzində  1947-ci ilin oktyabrında ,,müvəqqəti olaraq” Tariflər və Ticarət haqqında Umumi Saziş (GATT-General Agreement on Tariffs and Trade) yaradılmışdır.

Beləliklə, müvəqqəti bir razılaşma kimi qəbul edilən Tariflər və Ticarət haqqında Ümumi Saziş  Dünya Ticarət Təşkilatının (DTT) yaranması yolunda bir əsasa çevirilmişdir.

GATT öz varlığını 1994-cü ilə qədər qorumuşdur. Aradan keçən 47 il ərzində bir sıra vacib hadisələr baş vermiş, 8 böyük müzakirə raundu həyata keçirilmış və GATT dünya ticarətində ümumi qəbul olunan bir sistem yarada bilmişdir.

GATT yeni adı ilə Dünya Ticarət Təşkilatı dünya ticarətində liberallaşmanı məqsəd seçən qlobal bir sistemdir. GATT beynəlxalq ticarəti qaydaya salan və əhatəli bir beynəlxalq razılaşmadır.

GATT yaradılarkən 4 əsas prinsipi formalaşdırmışdır.
1.    Ən çox nəzarətdə saxlanılan ölkə qanunu (non-discrimination);
2.    Beynəlxalq təsir qanunu (national treatment);
3.    Gömrük vergilərinin endirilərək konsolidasiya edilməsi;
4.    Müdafiənin sadəcə gömrük vergiləri ilə həyata keçirilməsi.

Bu prinsiplər, bu gün dünyada ticarəti nizamlayan qlobal sistemin təməl daşlarını və fəlsəfəsini təşkil edir.

Beynəlxalq ticarətin sərbəstləşdirilməsi və  vahid qayda ilə işlənməsini qarşıya məqsəd qoyan GATT 1 yanvar 1995-ci il tarixdən etibarən Dünya Ticarət Təşkilatı (Word Trade Orqanization) – WTO  adını almışdır. Dünya Ticarət Təşkilatı çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.  Ən gənc beynəlxalq təşkilatlardan biri olan DTT, əsası 1947-ci ildə qoyulmuş  Tariflər və Ticarət üzrə baş Sazişin (GATT) davamçısıdır.

DTT-nın GATT-dan fərqlı cəhətləri:

DTT əslində GATT kimi fəalyyyət göstərsə də, onun predmetində olan beynəlxalq ticarət məsələləri daha genişdir. Bu istiqamətlərdəki fərqli cəhətlərə xidmətlərin ticarətindən başlayaraq, intellektual mülkiyyətin hüququnun ticarət aspektlərinə qədər davam edən çeşidli məsələlər daxildir.

DTT-nin əhatə dairəsi: Hazırda beynəlxalq ticarətin 95%-ə qədəri DTT-yə üzv olan ölkələrin payına düşür.

DTT-nin başlıca məqsədi: beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşması və onun möhkəm əsaslarının yaradılması, ədalətli rəqabət şəraitinin  təminatı və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda insanların həyat səviyyəsinin yüksəldilməsdir.

DTT-nin əsas vəzifəsi: çoxtərəfli ticarət danışıqlarının Urquvay Raundu nəticəsində formalaşmış Sazişlər Paketi əsasında  üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsindən ibarətdir.

DTT-nin prinsipləri:

1.    ,,Ən əlverişli rejim” prinsipi (üzv ölkələr üçün eyni ticarət şəraitinin yaradılması)
2.    ,,Milli rejim” prinsipi (idxal olunmuş mal və xidmətlərlə yerli mal və xidmətlər arasında ayrı-seçkiliyə yol verilməməsi)
3.    Ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi;
4.    Ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması;
5.    Ticarət siyasətinin aydın və şəffaf olması;
6.    Daxili bazarların yalnız DTT qaydaları əsasında qorunması;
7.    Azad rəqabət üçün əlverişli şəraitin  yaradılması;
8.    Ticarət mübahisələrinin danışıqlar yolu ilə həll edilməsi.

DTT-nin funksiyaları:

1.    DTT-nin hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
2.    Üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi;
3.    Üzv ölkələr tərəfindən həyata keçirilən müşahidələr;.
4.    Digər beynəlxalq təşkilatlarla əməldaşlıgın həyata keçirilməsi;
5.    Təşkilata yeni üzvlərin qəbul olunması;
6.    Üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi;
7.    Beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanılması, öyrənilməsi və təqdim edilməsi.

Hazırda dünyanın 149 ölkəsi DTT-nin üzvüdür. Bu ölkələrdən 20-si yeni üzvlər sayılır. Bu ölkələrlə yanaşı 60-dan çox beynəlxalq təşkilat, o sıradan BMT, Birlışmiş Millətlər Ticarət və İnkişaf üzrə konfransı (UNCTAD), BVF, AYİB, Beynəlxalq Ərzaq Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və başqa müxtəlif strukturlar müşahidəçi statusuna malikdirlər.

DTT-yə üzv olma proseduru 4 mərhələdən və 13 addımdan ibarətdir.

Mərhələlər:

1.    Rəsmi müraciət və işçi qrupunun yaradılması.
2.    İşçi Qrupunun araşdırmaları və ikitərəfli güzəşt müzakirələri.
3.    İştirak protokolu.
4.    Qərar

Addımlar:

1.    DTT-yə üzv olmaq istəyini əks etdirən ərizə DTT katibliyinə təqdim olunur.
2.    DTT Katibliyində üzv olmaq istəyən ölkə üzrə işçı qrupu yaradılır.
3.    Üzv olmaq istəyən ölkənin xarici ticarət rejimi haqqında Memorandum DTT katibliyinə təqdim olunur.
4.    DTT-yə üzv ölkələr tərəfindən memoranduma dair sualar təqdim olunur.
5.    Memoranduma dair təqdim olunmuş sualların cavabları DTT katibliyinə təqdim olunur.
6.    Üzv olmaq istəyən ölkə üzrə işçı qrupunun ilk iclası keçirilir.
7.    Üzv olmaq istəyən ölkə tərəfindən DTT Sazişləri ilə  nəzərdə tutulmuş sənəd və cədvəllər DTT Katibliyinə təqdim olunur.
8.    DTT-yə üzv olmaq istəyən ölkə ilə üzv ölkələr arasında ikitərəfli danışıqlar aparılır.
9.    Üzv olmaq istəyən ölkə üzrə  İşçi Qrupunun ardıcıl iclasları keçirilir.
10.    Üzv olmaq istəyən ölkə üzrə İşçi Qrupu tərəfindən Yekun hesabat hazırlanır.
11.    Yekun Hesabat əsasında Baş Şura tərəfindən üzv olma protokolu qəbul olunur.
12.    Üzvolma Protokolu Nazirlər Konfransı tərəfindən təsdiq olunur.
13.    Üzvolma Protokolu üzv olmaq istəyən ölkənin parlamenti tərəfindən ratifikasiya olunur.

DTT-yə qəbul mürəkkəb proseduraları özündə birləşdirən hər bir ölkə üçün xarakterik xususiyyətlər kəsb edən məsələdir və o, 3 ildən 15 ilədək davam edə bilər.

Azərbaycan da DTT-yə üzv olmaqda sürətli addımlar atır və bu yolda ciddi işlər görür.


Pasport məlumatları
Yerləşdiyi məkan: Cenevrə, İsveçrə
Əsası qoyuldugu vaxt: 01/01/1995
Yaradıcısı: Urquvay Raundunun (1986-1994) nəticələri üzrə.
Missiyası: Ticarət münasibətlərini mümkün qədər asanlaşdırmaq və beynəlxalq ticarət məkanında şəffaflıgı təmin etmək.
Üzvləri: dünyanın 150 ölkəsi
Büdcəsi: 2005-ci ilə 130 milyon dollar
Son xəbərlər
Digər xəbərlər