ABŞ-nin 10 illik istiqrazlarının gəlirliliyi 4.925%-ə və 30 illik istiqrazlarının gəlirliliyi 5.29%-ə çatdı. İstiqrazların gəlirliliyi ilə illik faiz dərəcələri eyni anlayış deyil. Çox qısa qeyd edərək aydınlaşdırmağa çalışacam. Məsələn, FED-in faiz dərəcəsi 4.25-4.5% olduqda dövlət illik 5%-lə hər biri 1000 dollar olmaqla 10 illik istiqraz buraxaraq borclanır. 10 il ərzində bu istiqrazlar ikinci əl bazarında ticarət olunur. Təbii ki, bu müddət ərzində FED-in faiz dərəcələri inflyasiya, əmək bazarında və iqtisadiyyatdakı vəziyyətdən asılı olaraq dəyişir. FED deyir ki, mən faiz dərəcələrini 2%-ə endirəcəm (kəskin fərqlərlə yuvarlaq rəqəmlərdən istifadə edirəm ki, oxucular üçün hesablamalar aydın olsun. Adətən dəyişikliklər tədricən və 0.25-0.5% dərəcələrində olur). İnvestorlar hara qaçır? İstiqrazlara. Çünki, illik faiz dərəcələri 5%-dir. Yəni, istiqrazlara tələb artır və onlar dünən faizi ödənmiş (yəni üzərində yığılmış və ödəniləcək faiz yoxdur) 1000 dollarlıq (istiqrazların ikinci əl bazarda satış qiymətlərinin də hesablanması və müəyyən olunması nisbətən mürəkkəbdir, mən isə maksimum sadələşdirib əlifbasının ilk hərfini yazıram. Burada son faiz ödənişi nə vaxt olub, nə qədər faiz yığılıb, tələb-təklif, müddət, iqtisadi vəziyyət və sair məsələlər var) istiqrazlara 1050 dollar ödəməyə hazırdır. O halda siz illik 5% gəlir gətirən istiqraza 1050 dollar ödəyirsinizsə, deməli əslində istiqraz sizə 50/1050=0.476 yəni 4.76% qazandırır. Yəni, istiqrazın illik faiz dərəcəsi 5% olsa da, gəlirlilik 4.76% oldu. İndi əks varianta, yəni indi formalaşmış vəziyyətə baxaq. Brent markalı neftin bir barelinin qiyməti 106 dolları keçdi. Haşiyə çıxaraq qeyd edim ki, neft qiymətlərinin proqnozlaşdırılması zamanı yanaşma və hesablamalarda 09-10 sentyabrda Bab-al-Mandab boğazı ətrafında baş verənlərin risk çəkisi artdı və məhz bu amil neft qiymətlərinin daha sürətli artımına səbəb oldu. Deməli, ABŞ-də, həm də yəni dollara inflyasiya təzyiqi artır. Bu halda FED faizləri endirməz, əksinə faizləri artırmaq ehtimalı yüksəlir. Faizlər artırsa investorlar öz investisiyalarını faizə yatırırlar. İstiqrazlara tələb azalır. Yəni, bu dəfə 1000 dollar nominal qiyməti olan istiqrazlar 950 dollara satılır. Amma bu istiqraza görə dövlət 50 dollar (illik 5% olduğu üçün) ödəyəcək. Ödəniləcək faiz heç bir halda dəyişməz. Amma gəlirlilik 50/950=0.526 yəni 5.26% olur. Yəni, siz ildə 50 dollar gəlir gətirən istiqraza 1000 və ya 1050 dollar yox, 950 dollar verməklə əslində gəlirliliyinizi 5% deyil, 5.26% etmiş olursunuz. Deyəcəksiniz ki, nəyi pisdir? Yaxşıdır. Söhbət yüz milyardlarla, trilyonlarla dollar dövriyyədən gedir. İnvestor üçün nisbi yaxşı olsa da, istiqraz buraxan emitent (bu halda dövlət) üçün çox pisdir. Çünki, dövlət istiqrazlarının vaxtı bitdikcə və ya büdcəyə pul lazım olduqca yenidən borclanır. Siz məcburən yeni borclanma zamanı daha yüksək faizlə istiqraz buraxmalısınız ki, cəlbedici olsun, investor tapa biləsiniz. Bu isə artan faiz xərcləri deməkdir. Mərkəzi bankların faiz dərəcələri və istiqrazların gəlirliliyi arasında əlaqələri ölçən, hesablayan modellər var. Məhz bu modellərdən istifadə edərək may-iyun aylarında yazmışdım ki, ABŞ getdikcə borclanmadan daha çox investor çatışmazlığı riskinə məruz qalacaq. Maliyyə risklərini ölçən bu cür modellərin tətbiqi ilə faiz dərəcələri əsasında istiqrazların gəlirliyini rahat bir şəkildə 0.01-0.05% (bu kənarlaşan faiz dərəcəsində digər amillər də (resesiya, pul kütləsinin həcmi və sair) var) dəqiqliyi ilə hesablamaq mümkündür. Nəzər alaq ki, bu məhz Avropa Mərkəzi Bankının depozit faiz dərəcələrini 2.5%-ə, əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcələrini 2.65%-ə, borclanma faiz dərəcələrini 2.90%-ə qaldırdığı gün (10 sentyabr) baş verdi. Haşiyə: Christine Lagarde faiz artımlarının yekdilliklə qəbul edildiyini və səbəblərinə toxunarkən “no brainer” ifadəsi işlətdi. Yəni səbəbləri başa düşmək üçün dərin ağıla ehtiyac olmadığını, hər şeyin aydın olduğunu vurğuladı. Mövcud yüksək neft və qaz qiymətlərindən əlavə həm də Almaniyanın qaz anbarlarının doluluq faizinin 53% (sentyabr üçün tarixi rekord aşağı hədd) olmasının əsas səbəbi bu yay rekord istilər səbəbindən daha çox kondisioner və soyutma sistemlərinin istifadəsi və elektrik enerjisinə artan digər tələblər səbəbindən istilik elektrik stansiyalarında daha çox qaz istehlakıdır. Beləliklə, bazarlar FED-dən də faiz artımı gözləyir. Məhz bu səbəbdən Trump FED-ə, namizədliyini özünün verdiyi Sədrə ultimatum verir, aralıq seçimlərində Respublikaçıların qalib gələcəyi halda yetkinlik yaşını keçmiş hər bir ABŞ vətəndaşına 5000 dollar veriləcəyini (mövcud vəziyyətdə ümumi 1 trilyondan artıq vəsait hansı hesaba veriləcəyi də başqa bir məsələdir) vəd edir. Çünki, Trump`ın təmsil olunduğu Respublikaçılar partıyasının Konqres və Senata aralıq seçkilərində qalib gəlmə ehtimalı çox aşağı düşür. Çünki, iqtisadiyyatda çoxlarının düşündüyündən də daha pis vəziyyət yaranır. İndi isə yaranan vəziyyətə baxaq. Keçən ay ABŞ maliyyə (xəzinədarlıq) nazirliyi istiqraz bazarına müdaxilə etdi. Bu nə deməkdir? İnvestorların maraqlarının azaldığını görərək istiqrazların gəlirliyinin artmaması (yəni qiymətin düşməməsi üçün) bazardan öz istiqrazlarını aldı (yəni tələb formalaşdırıb təklifi nisbətən balanslaşdırdı). Bu əslində bazara əlavə pul kütləsinin daxil olması və nəticədə inflyasiya təzyiqinin artması deməkdir. Bu hələ yaxşıdır. Pisi odur ki, bu addım büdcəyə təzyiq və əlavə xərc yaratmaq deməkdir. Çünki, FED-dən fərqli olaraq Maliyyə Nazirliyi pul çap etmir və ya monetar rıçaqlardan istifadə etmir. Bu müvəqqəti ağrıkəsici idi. Lakin, bu gün baş verənlər xəstəliyi ağır simptomlarla üzə çıxartdı. Müdaxilə imkanları minimuma enib. Çünki, neft və qaz qiymətlərinin artması onsuz da inflyasiya təzyiqini artırdı. Avropa Mərkəzi Bankı faizləri artırdı. ABŞ dövlət büdcəsində bu şəkildə davam edərsə mənim hesablamalarıma görə gələn il faiz xərcləri 1.5 trilyon dollara qədər artacaq. Bir şərtlərlə ki, borclanma bu templə davam etsin, yeni (borclanmalara) və ya vaxtı bitdiyi üçün yenidən buraxılan istiqrazlara investorlar cəlb edilsin.
ABŞ iqtisadiyyatı, xüsusilə istiqraz, borclanma və faizlərlə bağlı məsələ nisbətən aydın oldu. Bəs Trumpın vəziyyətini ağırlaşdıran hallar nədir? İran məsələsi həll olunmadı, inflyasiya artır, faizlər düşmək əvəzinə qalxır, borclanmanın maliyyəti artmaqla büdcə kəsiri daha da artır, investor cəlbi çətinləşir (istiqrazlara maraq azalır), Pentaqonun boşalmış (Ukrayna müharibəsi, İsrailə satılan silahlar, İran müharibəsi) anbarlarını yeni silahlarla doldurmaq üçün 2027-ci il büdcəsində ən azı 1.5 trilyon (Pentaqonun tələbi) dollar pul lazımdır və hazırki təxminən 900 milyardlıq hərbi xərclərə gələn il 600 milyard da əlavə etmək büdcə kəsirinin, o cümlədən digər büdcə xərclərinin (ABŞ büdcəsi Azərbaycan büdcəsindən sonra ən çox təqib edib dərindən təhlil etdiyim ikinci büdcədir) daha da artmasına səbəb olsa da inflyasiya amili, güclü iqtisadiyyat, ümummili məhsulun (ümumdaxili məhsul da həmçinin) artım tempi bu kəsiri absorb etməyə imkan verər. Lakin, məsələ budur ki, artan büdcə kəsiri aralıq seçkilərində qalib gəlmə ehtimalı yüksək olan demokratlar tərəfindən böyük ehtimalla qəbul olunmayacaq.
Əslində artan neft qiymətləri fonunda ABŞ istiqrazları investor qıtlığı çəkməməli idi. Bunun da öz səbəbləri var. Başqa bir məqalədə toxunaram. Lakin, hazırda investor qıtlığı var. Əsas səbəblərdən birinə qısaca toxunaraq fikrimi yekunlaşdıracam. Yeni Dünya Düzəni formalaşarkən hər kəs yeni piroqdan daha çox pay götürməklə yanaşı həm də piroqun yaxşı yerindən pay götürməyə çalışır. Dünyanı bir piroqa bənzətsək ən yaxşı yeri elə öz nefti, qazı, gübrəsi, investisiya imkanları ilə Yaxın Şərqdir. Yaxın Şərqi isə bu dəfə Britaniyanın maraqlarını nəzərə almadan bölməyə cəhd etməyin nəticəsi İran bataqlığında batmaq oldu. Kanada və Qrenlandiyaya qarşı demarş isə Britaniyanın ABŞ-də bank-maliyyə sektorunda, o cümlədən FED-də öz güclərini göstərməklə nəticələnməli idi. Təxminən aprel ya may aylarında yazdığım bir məqalədə bir fikri vurğulamışdım: “ABŞ maliyyə sistemindən Britaniyanı çıxartsaq təkcə ABŞ deyil, petro-dollar sistemi çökər”. Britaniya Kralı Konqresdə çıxışı zamanı “Ağ Evi və ABŞ-nin özünü mənim babalarım qurub” fikrini təsadüfən səsləndirmədi. Maraq üçün qeyd edim ki, ABŞ-də müxtəlif icma və diasporlar arasında kapital və bazar paylarının bölüşdürülməsinə aid hesablamalar aparılmış və təxmini rəqəmlər verilmişdir. ABŞ yəhudilərinin sərəncamında olan kapital yığımı 15 trilyon dollardan, anqlo-saksonlarda 12 trilyon dollardan çoxdur. Növbəti yerdə 2 trilyon dollardan çox kapitalla amerikalı hindlilər və 1.8 trilyon dollardan çox kapitalla amerikalı çinlilər qərarlaşıblar. Amerikalı ermənilərdə isə (8-ci yerdədirlər) bu rəqəm 400 milyard dollardan çoxdur. Yəni bütün rəqəmlər hesablanmış minimum rəqəmlərdir. Göstiricilər bu rəqəmlərin üzərindədir. Məhz bu rəqəmlər hansı icmalar və diasporların ABŞ üzərində təsirlərinin hansı dərəcədə güclü olduğunu göstərir.
Avropanın mövqeyi ilə bağlı haşiyə çıxım ki, Avropa İttifaqə daha çox Britaniya oxu ətrafında birləşməyə, mövqe tutmağa meyl edir. Merkelin gedişindən sonra Avropada güclü lider problemi (Merkelin gedişi ərəfəsində Avropanın bu problemi yaşayacağı haqqında məqalə yazdığım üçün səbəb və nəticələrini təkrar etmirəm) və getdikcə şiddətlənən rəqabət bu tendensiyanı qaçılmaz etdi. Çox faktlar var. Lakin bircəsini qeyd edəcəm. Hollandiya ABŞ-də fiziki olaraq saxladığı 86 ton qızıl ehtiyatlarını bu ilin mart və avqust aylarında Britaniya Mərkəzi Bankına daşıdı. Bir hissəsini fiziki olaraq daşıdı, bir hissəsini isə ABŞ-də sataraq həmin həcmdə Londonda almaqla transferi tamamladı.
Britaniya-İsrail narazılığı və maraqların toqquşması (bu haqda İran müharibəsinin 3-cü həftəsində yazmışdım) bu günlərdə pərdə arxasından pərdə önünə çıxdı. Qanunsuz məskunlaşma ərazilərinə Britaniya embarqo və sanksiyalar tətbiq etdi, İsrail isə cavabında elan etdi ki, Britaniya 30 gün ərzində Qüdsdəki konsulluğunu bağlamalıdır və oradakı diplomatlar öz toxunulmazlıqlarını 30 gün sonra itirəcəklər.
Beləliklə Yeni Dünya Düzənində daha çox pay və nüfuz sahibi olmaq uğrunda savaş növbəti, daha açıq mərhələyə qədəm qoyub. Bu isə bir çox ölkələr üçün şans demək olsa da, bir çoxları üçün super güclərin arasında qalmaq, daha riskli dönəmə qədəm qoymaq deməkdir. Bu həm də hadisələrin daha sürətlə və kəskin dəyişikliklərlə cərəyan edəcəyini deməyə əsas verir.
Yekun nəticə nədir? İqtisadiyyat və onun dərk olunması daha mürəkkəbdir. Çünki, ölkələrin, imperiyaların, güc mərkəzlərinin gücünü və taleyini həll edən iqtisadiyyatın özü mürəkkəbdir. Bütün imperiyaların çöküşü iqtisadi çöküşdən başlayıb. İqtisadi cəhətdən güclü olan hər hansı bir imperiyanı nə ordu, nə də digər təzyiq vasitəsilə məhv etmək mümkün olub. Yalnız iqtisadi zəifləmədən sonra imperiyalar öz səlahiyyətlərini növbəti imperiyalara təhvil veriblər. Bir də beyin mərkəzlərinin gücü nəzərə alınmalıdır. Ən güclü beyin mərkəzləri ABŞ və Britaniyadadır. İsrail, Almaniya, Yaponiya, Çin, Cənubi Koreya beyin mərkəzlərinin gücünə görə bu 2 ölkə ilə müqayisə olunmaz. Trump öz ölkəsinin güclü beyin mərkəzlərini dinləmədən hərəkət etdiyini nəinki media, hətta Trumpın öz komandasından istefa vermiş şəxslər də səsləndiriblər. Nəticə isə göz qabağındadır. Bu yazıdan sonra ən əsas sual bu olacaq ki, ABŞ batır? Yox, qətiyyən. Britaniya, Çin və digər böyük dövlətlərin heç biri (o cümlədən o sistemi quran güclər) oturduqları budağı (petro-dollar sistemini) baltalamazlar. Sadəcə mövcud vəziyyət bir az da kəskinləşdikdən sonra nisbətən zəifləmiş güclü tərəflə daha asan bazarlıq etmək olur. Yeni Dünya Düzənində isə bazarlıqlar əsas strategiyadır.
Haşiyə: ABŞ (o cümlədən inkişaf etmiş iqtisadiyyatlar) iqtisadiyyatı üçün istiqraz bazarının əhəmiyyətini təsəvvür etmək üçün rəqəmlərə nəzər salaq. ABŞ-də dövriyyədə olan istiqrazların dəyəri təxminən 58 trilyon dollardır. Bunun 31.8 trilyon dolları dövlət istiqrazları (bu bazardakı hər hansı çöküşü ABŞ-nin özü daxil olmaqla dünyanın heç bir ölkəsi, hətta Çin, Avropa İttifaqı, Yaponiya birlikdə xilas edə bilməzlər, xilas etməyə cəhd etsələr özləri də çökərlər), 11.7 trilyon dolları korporativ (şirkətlər), 4.5 trilyon dolları bələdiyyə, 2.2 trilyon dolları federal agentliklər, 1.4 trilyon dolları şirkətlər tərəfindən buraxılan digər qısamüddətli istiqrazlar, 5 trilyon dollar ipoteka girovlu, 1.4 trilyon dollar digət aktivlərin girovu əsasında buraxılmış istiqrazlardır. Burada ən əsas risklərdən biri odur ki, 58 trilyonluq istiqrazların cəmi 6.4 trilyon dolları girov qarşılığındadır, qalan 51.6 trilyon dollar borc isə givorsuzdur, sadəcə inam-etibar əsasında cəlb olunub.
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert







