9 C
Baku
Monday, December 23, 2024

Dünya Valyuta Sisteminin inkişaf mərhələləri

Müəllif: müstəqil treyder Ağa Muxtarov

Dünya valyuta sistemi öz inkişafında bir neçə mərhələdən keçmişdir. Bu mərhələlərin hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Lakin onlardan heç biri ardıcıl surətdə digərinə keçməmiş və varislik olmamışdır. İqtisadi ədəbiyyatlarda valyuta sisteminin inkişafını 4 mərhələyə bölürlər:

1.Paris valyuta sistemi (1816-1914-cü illəri əhatə edir.)

2.Genuya valyuta sistemi (1922-1944-cü illər)

3.Bretton –Vuds valyuta sistemi (1944-1976-cı illər)

4.Yamayka valyuta sistemi (1976-1978- ci illərdən hal-hazıradək)

İlkin olaraq mübadilə prosesi qızıl standartının köməkliyi ilə həll olunurdu. Birinci valyuta sistemi 19-cu əsrdə baş verən sənaye inqilabı nəticəsində və beynəlxalq ticarətin qızıl-sikkə formasında həyata keçirilməsi əsasında kortəbii olaraq formalaşmışdır. Bu, dünya valyuta sisteminin fəaliyyətinin əsas prinsiplərinin razılaşdırılması barədə danışıqların Paris şəhərində keçirilməsi ilə əlaqədar olaraq Paris Valyuta sistemi adlanırılır. Bu dövrdə milli və beynəlxalq valyuta sistemləri tamamilə eyni olduqlarından, yalnız qızıl dünya pulu rolunu oynayırdı və ödəmələr qızılın çəkisi ilə qəbul olunurdu. Dünya pulu kimi qızıl standartının hüquqi cəhətdən möhkəmləndiriliməsi 1867-ci ildə Paris konfransında baş vermişdi.

Qızıl standartı-dövriyyədə qızıl sikkələrin olduğu və qızılın ümumi ekvivalent rolunu oynadığı pul sistemidir. Bu, pul dövriyyəsinin təşkilinin elə sistemidir ki, ölkənin pul vahidlərinin dəyəri rəsmi olaraq müəyyən miqdar qızıl səviyyəsində müəyyənləşdirilir. Pul isə qızıl sikkə və ya banknot formasında olur və müəyyənləşdirilmiş kurs üzrə ilk tələbdən qızıla dəyişdirilir.

Tarixən qızıl standartının 3 forması olmuşdur:

gollllldd

1 . Qızıl sikkə standartı – qızıl sikkələrin fəal dövriyyədə olması, dövlətin isə onu azad şəkildə satmasıdır.

2. Qızıl külçə standartı – bu halda qızıl sikkələr dövriyyədə olmur, azad şəkildə sikkələr kəsilir, pul-kredit idarələrinin vəzifəsi isə qızıl külçələri satmaqdan ibarət olur.

3. Qızıl valyuta standartı – mövcud qızıl standartı əsasında pul-kredit idarələri milli pulu xarici valyutaya dəyişir.

Paris valyuta sistemi birinci dünya müharibəsinə qədər fəaliyyətdə oldu. Qızıl sikkə standartının xarakterik xüsusiyyətləri aşağıdakılardan ibarət idi:

– əmtəələrin qızılla hesablanması
– qızıl pulların dövriyyədə olması və dövlət sikkəxanaları tərəfindən istənilən sahib üçün onların qeyri-məhdud miqdarda zərb edilməsi (kəsilməsi).
– nominal üzrə kredit pulların azad şəkildə qızıl sikkələrə dəyişdirilməsi
– qızılın idxal və ixracına məhduduyyətlərin qoyulmaması
– daxili bazarda qızıl sikkələrlə yanaşı məcburi kursla dövlət kağız pullarının da dövriyyədə olması.

Bütün sistemlər kimi qızıl standartı sisteminin də bir sıra üstünlükləri və qüsurları mövcud idi. Bugünkü nöqteyi-nəzərdən onun ən böyük üstünlüyü valyuta kurslarının həm ölkə daxilində ,həm də onun sərhədlərindən kənarda sabit saxlanılmasının təmin edilə bilməsi idi. Qızılın transmilli axını beynəlxalq ticarətin inkişafı və artımı üçün əlverişli şərait yaradırdı.

Qızıl standartının qüsuru dünya iqtisadiyyatında dövriyyədə olan pul kütləsini qızılın hasilatı və istehsalından asılı vəziyyətə salmışdı. Yəni qızıl mədənlərinin açılması və qızılın istehsalının artması transmilli inflyasiyaya gətirib çıxartdı.

Qızıl standartı istehsalda, xarici- iqtisadi əlaqələrdə, pul tədavülündə, tədiyyə balansında və beynəlxalq hesablaşmalarda müəyyən dərəcədə avtomatik tənzimləyici rolunu oynadı. Bununla yanaşı, tədricən beynəlxalq hesablaşmalarda qızılla bərabər funt-sterlinq və ABŞ dolları da istifadə olunmağa başladı. Beləliklə də qızıl- deviz standartı meydana çıxdı. Birinci dünya müharibəsinin qurtarması və xarici-iqtisadi əlaqələrin bərpa olunması beynəlxalq valyuta sisteminin yeni prinsiplərinin işlənməsinin zəruriliyini meydana çıxardı və beynəlxalq valyuta sisteminin inkişafında ikinci mərhələ başlandı.

Genuya valyuta- pul sistemi- qızıl deviz sistemi (1922-1944) – Birinci dünya müharibəsi qızıl standartı sisteminə güclü zərbə endirdi və Genuya valyuta pul sisteminin meydana gəlməsinə səbəb oldu. Buna əsas ABŞ ,Böyük Britaniya və Fransanın himayəsi ilə 1922-ci ildə Genuyada (İtaliya) keçirilən Beynəlxalq konfransın qərarı ilə qoyuldu .İqtisadi və maliyyə məsələləri üzrə keçirilən bu konfransda qeyd olunmuşdu ki, kapitalist ölkələrinin qızıl ehtiyatı xarici ticarət və digər əməliyyatlar üzrə hesablaşmaların nizama salınması üçün kifayət deyil. Konfransda qızıldan və funt sterlinqdən başqa, beynəlxalq hesablaşmalarda ABŞ dollarının da istifadə olunması tövsiyə olundu. Beynəlxalq ödəmə vasitəsi rolunu yerinə yetirmək üçün təklif olunmuş hər iki valyuta deviz adını aldılar.

1929-1933-cü illərdə dünya iqtisadiyyatında baş vermiş böhranla əlaqədar kağız pullar kəskin şəkildə qiymətdən düşməyə başladı. Hissəvi də olsa qızıl standartına qayıtma cəhdləri qəti olaraq iflasa uğradı- bütün ölkələrin daxili dövriyyəsində qızıl standartı aradan götürüldü. 1929-1933-cü il dünya böhranları bu sistemi tamamilə dağıtdı.

Bretton-Vuds Valyuta Sistemi (1944-1976-ci illər) – 1944-cü ildə BVS (Beynəlxalq Valyuta Sistemi)-nin təkamülündə yeni bir mərhələ başlandı. 1944-cü ilin iyul ayında Amerikanın Bretton-Vuds şəhərində keçirilən konfransda yeni beynəlxalq valyuta sistemi yaradıldı. Bu sistem qızıla və iki devizə- funt sterlinq və ABŞ dollarına əsaslanırdı. Axırıncılara əsas rol ayrıldığından bu sistem qızıl valyuta standartı adını almışdı. Bu sistemin məğzi onun müəyyən edilmiş valyuta kursu sisteminə əsaslanmasıdır.

biflation

Bu ideyanın arxitektorlarının (o cümlədən Keynsin) fikirincə, valyuta kursunun sabit olması və çox az (əhəmiyyətsiz dərəcədə) qalxıb –enməsi bütün dünya, birinci növbədə isə aparıcı kapitalist ölkələrinin pul sisteminin dayanıqlı olmasını təmin etməlidir. Bretton –Vuds konfransının iştirakçıları burada eyni zamanda Beynəlxalq Valyuta Fondunu (BVF) yaratdılar. Sistemin mühüm cəhəti ondan ibarət oldu ki, milli valyutaların kursu dollarla müəyyən edildi. (1 troy unsiya- 31.1 qram 35 dollar dəyərində). Belə mexanizm ölkə daxilində maliyyə sabitliyini təmin edirdi. Müharibədən sonra Bretton –Vuds valyuta sisteminin prinsiplərinin formalaşdığı dövrdə, Böyük Britaniya funt sterlinqinin qızıla dəyişdiriləcəyi qədər qızıl ehtiyatına malik olmadığından funt sterlinqin deviz valyutası funksiyasından imtina etdi.

Beləliklə, Bretton-Vuds valyuta sistemi dolları imtiyazlı vəziyyətdə qoydu və bu da ABŞ-a iqtisadi və siyasi üstünlük verdi. Demək olar ki, xarici ticarət hesablaşmaları inhisarçı qaydada dollarla ifadə olunurdu. ABŞ tədiyyə balansının kəsirini özünün milli valyutası ilə bağlaya bilərdi. Digər xarici ölkə isə tədiyyə balansını kəsirlə bağladığı halda özünün qızıl ehtiyatlarını xərcləməli ,daxili tələbatı azaltmalı, ixracı artırmalı idi.15 avqust 1971-ci ildə ABŞ hökuməti birtərəfli qayda da BVF ilə sazişi pozaraq dolların qızıla dəyişdirilməsi qaydasından imtina etdi. 60-cı illərin ortalarında qəti müəyyənləşdirilmiş valyuta kursu ölkələrin maraqlarına cavab vermədi və dünya ticarətinin inkişafını ləngidirdi.

Bununla da, göründüyü kimi, Bretton-Vuds valyuta sistemi dünya təsərrüfatının tələblərinə uyğun gəlmirdi. 20-ci əsrin 60-cı illərinin axırı 70-ci illərin əvvəllərində dünya iqtisadi sistemində yeni böhran baş verdi.1971-ci ildə BVF valyuta kurslarının paritetdən kənarlaşma həddini +,-2%-ə qaldırdı. Bir il sonra qəti müəyyənləşdirilmiş kurs sistemi iflasa uğratdı.

Qızılın kursuna uyğun olaraq qiyməti sabit və möhkəm valyuta kimi qəti müəyyənləşdirilmiş dollara olan inam sarsıldı. Maliyyə böhranı başlanırdı. Bundesbank məcburiyyət qarşısında qalaraq dünya valyuta bazarını həddindən çox bürümüş artıq dollarları almağa başladı. Alınan dolların miqdarı 1 saat ərzində 1 milyard dollara çatdıqda, bank müəyyənləşdirilmiş kursla dolların alınmasını dayandırdı və həmin gün, yəni 5 may 1971- ci ildə alman markasının “azad üzən” kursunu elan etdi. Bunun ardınca Danimarka hökuməti valyutasının “azad üzən” kursunu elan etdi.

Müasir Dünya Valyuta Sistemi- Yamayka Konfransı

1970-ci illərin birinci yarısı ərzində dünyanın aparıcı ölkələrinin hökumətləri, eləcə də beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri 1944-cü ildə yaradılmış valyuta sisteminə alternativ valyuta sisteminin təşkil olunması barədə düşünməyə başladılar. Bu əsas onunla əlaqədar idi ki, Bretton-Vuds valyuta sistemi dünya iqtisadiyyatı və maliyyəsinin son dərəcədə beynəmiləşməsi və onların qloballaşması prosesinin geniş şəkildə başlaması ilə əlaqədar olaraq meydana çıxmış yeni şəraitdə “işləyə” bilmirdi. Bu məsələ öz həllini BVF çərçivəsində 1976-cı ildə Yamaykanın Kinqston şəhərində 20 ölkənin hökumət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda tapdı. Dünya valyuta sisteminin inkişafının müasir dövrü məhz Yamayka konfransı ilə başlandı. Konfransda dünya valyuta sisteminin islahat yolu ilə dəyişdirilməsi barədə razılıq əldə edildi. Konfrans iştirakçıları Yamayka sazişini qəbul etdilər və bu sazişi hüquqi cəhətdən BVF-nin nizamnaməsinə “əlavə” kimi sənədləşdirilməklə,1978- ci ilin yanvar ayından qüvvəyə mindirildi. Həmin vaxtdan Yamayka valyuta sistemi adını almış sistemin prinsipləri fəaliyyətə başladı.

Son xəbərlər
Digər xəbərlər