Financebigmir.net saytı alman, fransız, amerikanların ilk növbədə nəyə pul xərclədiyini araşdırmağa çalışmışdır.
Həmçinin tədqiqat zamanı bu ölkələrin öz yaşayışlarını təmin etmək üçün necə vəsait əldə etmələri də öyrənilib.
Almaniya
Çeklərin toplanması. Digər avropalılar içərisində ən qənaətcil olan təbii ki, almanlardır. Bunu həm də keçən il Beynəlxalq qənaət gününün şərəfinə keçirilmiş araşdırmalardan biri də sübut etmişdir.
Orta hesabla Almaniya vətəndaşları ayda 180 avroya qənaət edərək onu kənara qoya bilir. Bu isə onların gəlirlərinin təqribən 10%-ni təşkil edir (orta əməkhaqqı 2000 avrodur). Almanlar övladları üçün də pul toplayır və onları təqaüd fondlarına yığırlar, bununla yanaşı onlar pulları nəinki bank hesablarına qoyur, həm də qiymətli kağızlara investisiya edirlər.
Maliyyə planları. Əlbəttə ki. müəyyən qədər vəsaitə qənaət edə bilmək üçün almanlar öz büdcələrini çox incəliklə planlaşdırırlar. Birinci dərəcəli xərclər sırasında evin kirayə haqqı və ya yaşayış evinə görə kreditin ödənilməsi gəlir ki, buna da ümumi gəlirlərin təqribən 50%-i sərf olunur. Üstəgəl kommunal xidmətlərin və sığorta xərclərinin ödənməsi. Qalan pulu isə almanlar öz yaşamlarına, istirahətlərinə və s sərf edirlər, bu haqda Almaniya sakini Elena məlumat verir.
«Məsələn mənim ailəmdə məsrəflər belədir: biz ayda 700 avro evə görə ödəyirik, kommunal xərclər 230 avro təşkil edir, təqribən 100 avro sığorta, qidalanmaya isə bizim 600 avromuz gedir. Ayda 250 avro isə avtomobilin kreditinə görə ödəyirik. Benzin və təmir isə bizə 200 avroya başa gəlir” –qadın hesablayaraq bildirir.
Ən az xərc isə geyimlə bağlı olur. “Biz brendə görə heç də pulumuzu havaya sovurmuruq” –Elena söyləyir, “ona görə də əksəriyyəti endirim mövsümlərini və yarmarkaları gözləyir, bu zaman geyimləri hətta 70% ucuz da olmaq mümkündür”. Almanları modabaz və ya dəb həvəskarı adlandırmaq olmaz, çünki onların çoxu öz qarderobunu yeniləməyə elə də can atmır.
“Alman eyni bir paltarı illərlə geyinə bilər və bu paltarın artıq köhnəldiyi və ya dəbdən düşdüyü, geyinilmiş görünməsi onu qətiyyən nə maraqlandırmır, nə də utandırmır” –Berlin sakini Maria Feldman dəqiqlik gətirir. Əgər insan müəyyən əşyadan bezirsə, bir qayda olaraq onu müxtəlif xeyriyyə fonlarına bağışlayır.
Gecə yuyunma və yağış suyu. Qənaətcil almanlar təkcə geyim məsələlərinə qənaət etmir, onlar həm də elektrik enerjisində az məsrəfə yol vermək üçün xüsusi tariflərdən istifadə edirlər.
Gecələr elektrik enerjisi daha ucuzdur, ona görə də onlar paltaryuyan maşında «təxirə salınmış start» menyusundan istifadə edirlər. Evlər isə yalnız havalar təmiz soyuduqda qızdırılır. Məsələn əgər çöldə hava 10 dərəcə olarsa, onlar evdə yun geyimlər geyinərək isitmə sistemində qənaət edəcəklər.
Almanlar suya münasibətdə də qənaətcildirlər: məsələn, onlar yağış suyundan mümkün qədər çox istifadə etməyə çalışırlar, xüsusən də suvarma işlərində. Amma bir punkt vardır ki, almanlar heç zaman onda qənaətə yol vermirlər –söhbət məzuniyyətdən gedir. Almanlar səyahət etməyi çox sevirlər.
Dövlət köməyi. Yeri gəlmişkən, Almaniyada sərf edilmiş vəsaitin bir qismini dövlətdən geri almaq imkanı vardır: Qaytarıla bilən vəsaitlərə daxildir: məsələn, iş geyiminə, işə getmək üçün yol puluna və uşaq bağçalarına (çünki siz uşağı bağçaya ona görə verirsiniz ki, işə gedə biləsiniz) sərf olunmuş vəsaitin bir hissəsi geri qaytarılır –Elena danışır.
— Nəticədə bu vəsait 1000 avroya qədər yüksələ bilər. Bu da, almanların xəsisliklə çek yığmalarının əsas səbəbidir.
Fransa
Yarmarka xətrinə işdən yayınmalar. Fransızlar da həmçinin hər qənaət edilmiş avronu yüksək qiymətləndirir. Onlar böyük alış-verişə hazırlaşarkən, diqqətlə bütün bukletləri araşdırır, bazarın analizini keçirir və hətta müxtəlif satıcı və tədarükçülərdən smetaları toplayırlar. Məhz belə münasibətə görə fransızları əksər xalqlar xəsis adlandırırlar.
Amma bu tam həqiqət deyil. Sadəcə onlar sərf edilmiş hər bir sent özünü doğrultmalı və əsaslandırılmış olmalıdır –sorğumuzda iştirak etmiş Katerina Olivye, Fransanın Leon şəhərinin sakini bildirir.
Vergilərdə qənaət. Fransızlar həm də yarmarkaları və açıq satışları çox sevirlər, bu zaman endirimlər 80%-ə də çata bilər. “Fransızlar endirim mövsümünə əvvəlcədən hazırlaşırlar: onlar dükana hətta “kəşfiyyata” gedə bilər və xoşları gələn məhsulu digərləri içərisində gizlədə bilərlər ki, heç kəs onu ala bilməsin. Endirimlər başlayan kimi, onlar xəlvətcə işdən çıxır və ya icazə alıb, dükanlara üz tuturlar” – bu haqda isə bizə Fransada yaşayan Natali məlumat verir. .
Fransızlar da təkcə geyimdə qənaət etməklə kifayətlənmir. “Məsələn, benzin xərclərini azaltmaq üçün və eyni zamanda da ətraf mühitin qeydinə qalmaq məqsədi ilə, onlar covoiturage (“avtomobilin şərikli (müştərək) istifadə edilməsi) üsulunu tətbiq edirlər. Sən demə elə onlar da, Azərbaycanlılar kimi, yol üstü eyni istiqamətdə gedən insanları öz avtomobillərinə götürürlər. Xərclər isə yarıbayarı bölünür. Hətta yol-yoldaşı ola biləcəyin adamları tapmaq üçün xüsusi saytlarda mövcuddur “, — Katerina Olivye müsahibəçilərə danışır.
Qənaət edilmiş pulu fransızlar yığım olaraq, əmanət kimi saxlayırlar. Bu onların gəlirinin təqribən 10-15%-ni təşkil edir.
Yeməyə pərəstiş. Qida- fransızların heç də qənaət etməyi sevdiyi sahələrdən deyil. Onlar dadlı yemək yeməyi və içməyi çox sevirlər. Ona görə də onlar çörək, balıq və şərabı iri super marketlərdə deyil, xüsusi ixtisaslaşmış dükanlardan almağı sevirlər. Ümumiyyətlə yeməyin hazırlanması və yeyilməsi prosesinə onlar xüsusi diqqət yetirirlər.
“Onlar bir saat restoranda əyləşib dostlarla nahar edərək, müxtəlif mövzularda söhbət edərək vaxt keçirə, daha sonra isə qəhvə içmək üçün başqa bir yerə üz tuta bilərlər” –Katerina Olivye fransızların vərdişlərini təsvir edir.
Təəccüblü deyil ki, qurmanlar yeməyə yaşayış evlərinə sərf etdiyindən daha çox vəsait sərf edirlər. Fransanın dövlət statistika komitəsinin verdiyi məlumata əsasən, bu ölkənin sakinlərinin gəlirlərinin 25%-dən çoxu qidalanmaya, 20%-i yaşayış yerinin ödənməsinə, 18% nəqliyyata, 9% -geyimə, 5% sağlamlıq və əyləncəyə sərf olunur.
ABŞ
Çoxlu kreditlər. “Hələ lap uşaqlıqdan balaca amerikanları bütün məsələlərdə, o cümlədən də maliyyə işlərində yalnız özünə güvənməyi öyrədirlər. Ona görə də amerikalılar –ABŞ vətəndaşları böyüyərkən bütün qənaət edilməsi mümkün olan vasitələrlə pula qənaət etməyə və onları daha səmərəli şəkildə yatırım etməyə çalışırlar -20 ildən artıq müddətdə Amerikada yaşayan Marina Polyakova amerikanların xarakterini şərh edir.
Bir qayda olaraq, amerikanların əksəriyyəti öz təqaüdləri üçün pul toplayır. “Heç kəs hökumətə ümid bəsləmir. Buna görə də sosial təminat fonduna ayrılan tutulmalardan savayı, onlar həmçinin qeyri-hökumət təqaüd fondlarına da əmanət yerləşdirirlər” –Marina öz müşahidələrini bizimlə paylaşır.
Daha bir xərclər bəndini – uşaqlara sərf edilən vəsaitlər təşkil edir. Ailədə dünyaya uşağın gəlişi ilə bankda hesab açılır və ora övladının gələcək təhsili ilə bağlı xərcləri qarşılamaq üçün vəsait yatırılır.
Bundan əlavə bir sıra ABŞ vətəndaşları daşınmaz əmlak almağa üstünlük verir, onlar bunu çox uğurlu investisiya hesab edirlər. Amma bundan ötrü kredit almaq üçün, yaxşı kredit tarixçəsinə malik olmaq lazımdır. Buna görə də insanlar mümkün qədər çox xırda məbləğlərlə kredit götürür və onları qısa müddət ərzində qapamağa çalışırlar. Amma düzünə qalsa, bu heç də hamıda yaxşı alınmır.
“Əhalinin böyük bir hissəsi boğazacan borcun içindi olsa da, lazımsız əşyalardan ötrü kredit götürməkdə davam edirlər”–bu haqda ABŞ sakini Taty Anderson məlumat verir.
Amerikansayağı büdcə – Amerikan ailəsinin aylıq xərcləri olduqca böyükdür. “Xərclərdə ən böyük hissəni yaşayış yeri tutur. Amerikalının buna $600—1000 dollar pulu gedir. Ikinci yerdə tibbi sığorta gəlir – $300—1000, avtomobil sığortası isə 100 dollar tələb edir, daha sonra bu sıralamanı 300-400 dollara başa gələn qidalanma tamamlayır, həmçinin də 150—250 dollar kommunal xərclərə sərf olunur. Bununla yanaşı qeyd etmək lazımdır ki, amerikanların orta aylıq əməkhaqqısı 1500—3000 dollar təşkil edir, bu barədə Tatyana bizə nəql edir.
Əvəzində amerikanlar geyimə olduqca az pul xərcləyirlər. Burada status xəstəliyindən əziyyət çəkən yoxdur: Onlar futbolkaya görə 5, cins şalvarlara görə isə 15 dollar ödəməyə hazırdırlar.
Amerikanlar qida, geyim və əyləncə xərclərini ixtisar edərək, özlərinə bahalı telefon, smartfon, kompüter avadanlıqları, həmçinin mobil internet xidmətləri alırlar.