Qloballaşmış dünyada dil baryeri insanların informasiyaya çıxışını və qlobal müzakirələrdə iştirakını məhdudlaşdıra bilər. Belə ki, əgər danışdığınız dilin təsir dairəsi demək olar ki, yalnız öz ölkənizin sərhədləri ilə məhdudlaşırsa, ümumdünya şəbəkəsinin nə faydası var?
Xoşbəxtlikdən, dünyanın müxtəlif yerlərindən olan insanları birləşdirən ingilis dili mövcuddur. “W3Techs”in qiymətləndirmələrinə görə, bütün vebsaytların yarıdan çoxu kontent dili kimi ingilis dilindən istifadə edir. Lakin onun qlobal təsir dairəsi düşündüyümüz qədər də böyük deyil.
Dil araşdırmaları üzrə ixtisaslaşmış “Ethnologue” mərkəzinin məlumatlarına görə, dünyada təxminən 1,46 milyard insan ingilis dilində danışır və onların təxminən 380 milyonu ana dili daşıyıcılarıdır. Bu, ingilis dilini qeyri-ana dili daşıyıcıları da nəzərə alındıqda, dünyada ən çox danışılan dilə çevirir. O, təxminən 1,14 milyard insan tərəfindən danışılan (onlardan 940 milyonu ana dili daşıyıcısıdır) mandarin çin dilini qabaqlayır. Bununla belə, ingilis dilində danışan 1,46 milyard insan dünya əhalisinin 20 faizindən azını təşkil edir. Bu isə o deməkdir ki, dünyadakı hər 5 nəfərdən təxminən 4-ü tərcümə alətləri olmadan veb-saytların azı 50 faizini başa düşə bilmir.
Qrafikdən də göründüyü kimi, çin, hindi və ərəb dilləri kimi geniş yayılmış bəzi dillər internetdə yetərincə təmsil olunmur. Bunun əksinə olaraq, ingilis, alman və rus dilləri onlayn məkanda real həyatda olduqlarından daha geniş izə malikdir.
Danışanların sayına görə dillər:
1. İngilis — 1,46 milyard
2. Çin (mandarin) — 1,14 milyard
3. Hind — 610 milyon
4. İspan — 559 milyon
5. Fransız — 310 milyon
6. Ərəb — 274 milyon
7. Benqal — 273 milyon
8. Portuqal — 264 milyon
9. Rus — 253 milyon
10. İndoneziya — 252 milyon
11. Urdu — 246 milyon
12. Alman — 134 milyon
13. Yapon — 125 milyon
14. Pidgin — 120 milyon
15. Misir ərəbcəsi — 118 milyon
16. Marathi — 99 milyon
17. Vyetnam — 97 milyon
18. Teluqu — 95 milyon
19. Hausa — 94 milyon
20. Türk — 91 milyon
“Ethnologue 200” dünya əhalisinin böyük hissəsini əhatə edir. İnsanların 88%-dən çoxu bu dillərdən birini ana dili kimi istifadə edir və daha yüz milyonlarla insan həmin dillərdə ikinci dil kimi danışır. Bu reytinq hər iki qrupu nəzərə alaraq, dillərin dünya üzrə ümumi istifadəsini göstərir.






