Aprel ayında dünya üzrə korporativ birləşmə və satınalma (M&A) əməliyyatlarının sayı 2330-a bərabər olub. Bu, 2005-ci ilin fevralından bəri ən aşağı aylıq göstəricidir və son 20 ildə orta aylıq göstəricidən 34% azdır, bu barədə “Reuters” yazıb. Əməliyyatların ümumi dəyəri 243 milyard dollar təşkil edib ki, bu da orta aylıq göstəricidən 20% aşağıdır.
M&A bazarında aktivliyin azalmasına Donald Trampın yeni idxal rüsumlarının tətbiqi və ABŞ və Çin arasında ticarət münaqişəsi səbəb olub. Nəticədə yaranan iqtisadi qeyri-sabitlik və yüksək bazar dəyişkənliyi bir çox şirkətlərin birləşmə və satınalma planlarını təxirə salmasına gətirib çıxarıb. ABŞ-nin özündə aprel ayında 555 sövdələşmə bağlanıb ki, bu da 2009-cu ilin may ayından bəri ən aşağı göstəricidir. Onların ümumi məbləği 114 milyard dollar təşkil edib ki, bu da orta aylıq göstəricidən 8% azdır.
“Dəyişkənlik əməliyyatlara təsir göstərir. Alıcılar ya bu əlavə risk üçün pul ödəməlidirlər, ya da vəziyyət aydınlaşana qədər gözləməlidirlər”, – deyə “Citi”nin M&A üzrə baş direktoru Kevin Koks söyləyib. “Reuters” onu da qeyd edir ki, bir çox bankir indi müştərilərə sövdələşmələri təxirə salmağı və müəyyənlik dövrünü gözləməyi tövsiyə edir.