2024-cü ilin nəticələrinə görə, dünyada dollar milyarderlərinin sayı 5,6% artaraq 3508 nəfərə çatıb. Bu, 2020-ci ildən bəri ən böyük artımdır. Milyarderlərin ümumi sərvəti 2024-cü ildə 10,3% artaraq rekord 13,4 trilyon ABŞ dollarına yüksəlib. Artım artıq üçüncü ildir ki, ardıcıl olaraq davam edir. Bu məlumatlar “Altrata” tədqiqat şirkəti tərəfindən hazırlanmış “Billionaire Census 2025” hesabatında yer alıb. Şirkət bu cür hesabatı artıq 12-ci dəfədir dərc edir.
Milyarderlərin sayı və sərvətinə görə lider bölgə Şimali Amerika olaraq qalır — dünya üzrə milyarderlərin 34,2%-i burada yaşayır və onların payına ümumi sərvətin 44%-i düşür. Daha sonra Avropa (28,6% milyarder və 24,4% sərvət) və Asiya (23,6% milyarder və 20,8% sərvət) gəlir. Ölkələr arasında ABŞ birinci yerdədir — burada 1135 milyarder ümumilikdə 5,7 trilyon dollarlıq sərvətə malikdir. İlk üçlüyə həmçinin Çin və Almaniya daxildir. Rusiya isə milyarderlərin sayı və sərvətinə görə dördüncü yeri tutur — 128 milyarder ümumilikdə 457 milyard dollarlıq sərvətə sahibdir. Son bir ildə Rusiyada milyarderlərin sayı 8,5% artıb.
“Altrata” analitiklərinin qeyd etdiyinə görə, milyarderlər arasında sərvətin konsentrasiyası artır. Dünyanın ən varlı 26 nəfəri — hər birinin sərvəti 50 milyard dollardan çoxdur — bütün milyarderlərin ümumi sərvətinin 21%-nə sahibdir. Bu göstərici ötən illə müqayisədə 4% çoxdur.
Sentyabrın sonunda “Altrata” dünyadakı multimilyonçular (sərvəti 30 milyon dollardan çox olan şəxslər) barədə ayrıca hesabat da təqdim edib. Cari ilin iyun ayının sonuna olan məlumata görə, onların sayı 510,8 min nəfərə çatıb ki, bu da ilin əvvəlindən bəri 5,4% artım deməkdir. Onların ümumi sərvəti 59,8 trilyon dollara yüksəlib.








