Ötən ay qlobal miqyasda 1,2 milyon elektomobil satılıb ki, bu da illik müqayisədə 3 faiz, aylıq müqayisədə isə 44 faiz azalma deməkdir.
Londonda yerləşən “Benchmark Mineral Intelligence” analitika şirkətinin məlumatına görə, yanvar ayında satışların azalması əsasən Çin bazarında qeydə alınan geriləmə ilə bağlı olub. Belə ki, Çində satışlar aylıq 55 faiz, illik isə 20 faiz azalaraq 600 min ədəd təşkil edib.
Çində elektomobillər 2014-cü ildən bəri ilk dəfə olaraq yenidən alış vergisinə cəlb edilib. Eyni zamanda, bu nəqliyyat vasitələrinə tətbiq olunan subsidiyaların həcmi ötən illə müqayisədə azaldılıb, xüsusilə kiçik avtomobillərdə qiymət endirimlərinin təsiri zəifləyib. Bu dəyişikliklər satışların azalmasına səbəb olub.
Şimali Amerika regionunda da elektomobil satışları yanvarda illik müqayisədə 33 faiz azalaraq 90 minə düşüb. ABŞ-da 30 sentyabr 2025-ci il tarixindən etibarən federal təşviqlərin və yanacaq standartları üzrə cərimələrin ləğvi, həmçinin ölkə daxilində avtomobil istehsalını artırmağa yönələn qoruyucu siyasətin tətbiqi bazarda çətinliklərə səbəb olub.
Dünyanın digər regionlarında isə elektomobil satışları illik müqayisədə 92 faiz artaraq 190 min olub. Xüsusilə Cənubi Koreya, Braziliya və Tailand bazarlarında artım diqqət çəkib.
Avropada elektomobil satışları yanvarda illik müqayisədə 24 faiz artaraq 320 minə çatsa da, əvvəlki ayla müqayisədə 33 faiz azalıb. 2025-ci ildə müşahidə olunan artım tempi davam edir, lakin subsidiyalar 12 ay əvvələ nisbətən dəyişib.
Böyük Britaniya, Almaniya və Fransa subsidiyaları yenidən tətbiq edən ölkələr kimi fərqlənib. Bu ölkələrdə satışlar müvafiq olaraq 14 faiz, 25 faiz və 41 faiz artıb.
Eyni zamanda, Norveçdə satışlar illik müqayisədə 71 faiz, Niderlandda isə 28 faiz azalıb.
Qeyd edək ki, 2025-ci il ərzində Azərbaycanda 62 milyon 485,9 min dollar dəyərində 2028 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2024-cü illə müqayisədə 999 ədəd və ya 33 faiz azalma deməkdir. Azalmanın əsas səbəbləri kimi qlobal bazarda müşahidə olunan dalğalanmalar, bəzi ölkələrdə subsidiyaların ixtisarı, eləcə də qiymət və logistika xərclərində artım qeyd olunur.







