“Rho Motion” şirkətinin analitikləri elektrikli nəqliyyat vasitələrinin satışlarının davamlı artım tendensiyası göstərdiyini bildiriblər.
Analitiklərin hesablamalarına görə, mart ayında dünyada elektrikli və hibrid avtomobillərin satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29%, fevral ayı ilə müqayisədə isə 40% artıb. Bununla belə, mövcud beynəlxalq vəziyyət gələcəkdə bazarın yavaşlamasına səbəb ola bilər.
Yazın ilk ayında qlobal miqyasda 1.7 milyon elektrikli və hibrid avtomobil satılıb. Birinci rüb üzrə satışlar isə 4 milyonu ötüb.
Bu seqmentdə liderlik Çinə məxsusdur. Burada 2.4 milyon avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 36% artım deməkdir. Avropa bazarında satışlar 900 minə çatıb (+22%), ABŞ-də isə bu rəqəm 500 min olub (+16% artım).
Avropada isə maraqlı bir tendensiya müşahidə olunur: elektrikli avtomobillərə olan tələbat hibrid modellərlə müqayisədə daha sürətlə artır. Belə ki, elektrikli avtomobillərin satışı 27%, hibridlərin satışı isə 10% artıb.
Ən böyük artım İtaliya, Almaniya və Böyük Britaniyada qeydə alınıb. Bu ölkələrdə mart ayında 100 mindən çox elektrikli və hibrid avtomobil satılıb.