IDC analitik şirkəti 2020-ci ilədək dünya informasiya texnologiyaları (İT) bazarında illik artımın 3,3 faiz təşkil edəcəyini proqnozlaşdırır.
Bazarın həcminin artmasına maliyyə servisləri (bank, sığorta və investisiya xidmətləri) və sənaye istehsalı (diskret və prosesli) kimi sahələr dəstək verəcək və dünya İT xərclərinin 30 faizi bu iki sahənin payına düşəcək.
NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumata görə, proqnozlaşdırılan müddət üçün digər böyük İT istehlakçısının telekommunikasiya şirkətləri, dövlət müəssisələri və səhiyyənin olacağı bildirilir.
Şirkətin proqnozuna görə, 2017-ci ildə dünya İT bazarının həcmi 2,4 trilyon dollar təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3,5 faiz çoxdur. 2020-ci ildə dünya İT xərcləri 2,65 trilyon dollar səviyyəsində gözlənilir.
Mədaxilin təxminən 20 faizi istifadəçi seqmentində əldə olunacaq. Bununla belə, seqmentdə 2020-ci ilədək illik artım 0,3 faiz olmaqla gözlənilmir.
IDC analitikləri qeyd edirlər ki, dünyada dövlət qurumlarının İT xərcləri stabilləşdiyi halda təhsil müəssisələri tərəfindən netbuklara tələbat sabit şəkildə yüksəlir. Həmçinin korporativ istifadəçilər üçün planşetlərin satışında artım müşahidə edilir.
Məlumata görə, coğrafi baxımdan iri İT istehlakçısı Şimali Amerika olaraq qalır və dünya İT xərclərinin 40 faizi bu regionun payına düşür.
Qərbi Avropanın payı 20 faizdən bir qədər çox, Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionunun 20 faizdən az olacaq. İT bazarının illik artımı 4 faiz səviyyəsində proqnozlaşdırılır. Bununla belə, bazarın maksimal artımı Cənubi Amerikada (illik +5,3 faiz) müşahidə ediləcək.
Bu il ABŞ-da İT bazarının həcmi 920 milyard dollar təşkil edəcək və 2020-ci ilədək bu rəqəmin 1 trilyon dolları ötəcəyi gözlənilir.