2025-ci ildə milyarderlərin ümumi sərvəti tarixi maksimuma yüksələrək 18,3 trilyon ABŞ dolları təşkil edib. Bu barədə beynəlxalq təşkilat “Oxfam” məlumat yayıb.
Təşkilatın “Zənginlərin hakimiyyətinə müqavimət: azadlığın milyarderlərin gücündən qorunması” adlı hesabatında deyilir: “Hazırda dünya üzrə milyarderlərin ümumi sərvəti 18,3 trilyon dollara çatıb — bu, tarixdə ən yüksək göstəricidir. 2025-ci ildə sərvət 16%-dən çox artıb ki, bu da son beş ilin orta göstəricisindən üç dəfə sürətlidir”.
Məlumata görə, 2020-ci ildən bəri milyarderlərin sərvəti “heyrətamiz” dərəcədə — 81% artıb. Ekspertlərin qiymətləndirməsinə əsasən, dünyada milyarderlərin sayı da artaraq ilk dəfə 3 min nəfəri ötüb. Eyni zamanda, dünyada hər dörd nəfərdən biri kifayət qədər qida ala bilmir, “dünya əhalisinin demək olar ki, yarısı isə yoxsulluq şəraitində yaşayır”.
Analitiklərin hesablamalarına görə, təkcə 2025-ci ildə milyarderlərin ümumi sərvəti 2,5 trilyon dollar artıb. Bu məbləğ “ifrat yoxsulluğun 26 dəfə aradan qaldırılması üçün kifayət edərdi”.
Bundan əlavə, mütəxəssislər müəyyən ediblər ki, milyarderlər adi vətəndaşlarla müqayisədə 4 min dəfə daha tez-tez əsas siyasi vəzifələri tuturlar. “Oxfam” nümayəndəsi Sonya Saltan bildirib: “Əksəriyyət milyarderlərin dominant mövqeyə malik olduğu bir dünyanı istəmir. Dünyanın müxtəlif bölgələrində etirazların artması insanların azsaylıların xeyrinə manipulyasiya olunan sistemi rədd etdiyini göstərir”.







