Yaxın beş il ərzində dünyada milyarderlərin sayı 25% artaraq 3 915 nəfərə çatacaq. Bu barədə Knight Frank аgentliyinin “Wealth Report” hesabatında deyilir. Agentliyin qiymətləndirməsinə görə, multimilyonçuların (ən azı 30 milyon dollar sərvəti olan şəxslər) sayı 2021-ci ildən bəri 300%-dən çox artaraq 162 191 nəfərdən 713 626 nəfərə yüksəlib.
“Knight Frank” analitikləri hesab edir ki, milyarder və milyonçuların sayının artması dünyada “dərin struktur sürətlənməsi”ni göstərir. Hesabat müəllifləri qeyd edir ki, bu artım əsasən texnologiya sektorundan, o cümlədən süni intellektdən əldə olunan gəlirlər hesabına baş verib.
2026-cı il üzrə məlumatlara əsasən, Şimali Amerika dünyadakı milyarderlərin 37%-i ilə liderdir. İkinci yerdə Asiya-Sakit okean regionu (31%), üçüncü yerdə isə 25%-dən bir qədər çox payla Avropa qərarlaşıb.
“Wealth Report” hesabatına görə, növbəti beş ildə milyarderlərin sayının artımı əsasən sürətlə inkişaf edən iqtisadiyyatlar hesabına olacaq. Bu ölkələrə İndoneziya, Səudiyyə Ərəbistanı, Polşa və Vyetnam daxildir. “Knight Frank” proqnozlaşdırır ki, milyarderlərin sayı ən sürətlə Səudiyyə Ərəbistanında artacaq — 2026-cı ildə 23 nəfərdən 2031-ci ildə 65 nəfərə çatacaq. Eyni dövrdə Polşada bu rəqəmin 13-dən 29-a yüksələcəyi, İsveçdə isə 81% artaraq 32-dən 58-ə çatacağı gözlənilir.







