Dünyanın müxtəlif ölkələrində 2023-cü il ərzində şəkər qıtlığının qeydə alınacağı proqnozlaşdırılır. Reuters İnformasiya Agentliyi tərəfindən “Green Pool” analitik agentliyinə istinadən 1.01 milyon ton həcmində kəsirin qeydə alınacağı qeyd edilir. Şəkər istehsalında azalma xüsusən Avropa Birliyi, Pakistan və Hindistanda gözlənilir.
Azərbaycanda şəkər istehsalı və satışı ilə məşğul olan şirkətlər məsələ ilə bağlı rəy bildirərkən, ölkəmizdə bu istiqamətdə çətinliyin olmadığını bildiriblər.
Bakı və bütün bölgələr kəsintisiz olaraq şəkərlə təmin edilir. Mövsümlə əlaqədar istehlak həcmində artma qeydə alınsa da, ümumilikdə anbarlardakı mövcud şəkər həcmi tələbatı dəfələrlə üstələməkdədir. Regionun ən böyük istehsalçısı olan İmişli Şəkər Zavodunun tam gücü ilə fəaliyyətdə olduğu və plana uyğun şəkildə satış nöqtələrini məhsulla təmin etdiyi bildirilib.