Dünyanın ən böyük mineral gübrə tədarükçülərindən biri olan “Yara” şirkətinin baş direktoru Sveyn Tore Holseter deyir ki, Ukraynada baş verən hadisələr fonunda yanacaq və gübrə qiymətləri kəskin şəkildə artıb və bu, “aclıq qasırğasına” gətirib çıxara bilər. O xatırladıb ki, dünyada ərzaq təhlükəsizliyi hələ 2021-ci ildə nəzərəçarpacaq dərəcədə pisləşib, lakin indi vəziyyət kritik səviyyəyə çatıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Mütəxəssis əlavə edib ki, vəziyyətə iqlim böhranı da təsir, bu isə ekstremal hava şəraitinə səbəb olur. Hesablamalara görə, bu gün 276 milyon insan ciddi qida çatışmazlığından əziyyət çəkir. Holseter bunun pandemiyadan əvvəlki səviyyədən iki dəfə çox olduğunu söyləyir.
“Uzun müddətdir üzləşmədiyimiz kəskin ərzaq böhranı yaşayırıq. Xüsusilə Afrikanın Sahel və ya Efiopiya kimi regionlarda. Elə valideynlər var ki, övladını yedizdirə bilmir. Dünya aclıq qasırğası ilə təhdid edilir. Mən çox narahatam”, – mütəxəssis qeyd edib.
BMT-nin Ümumdünya Ərzaq Proqramı – əhalinin ən həssas təbəqələri üçün son şansdır. Lakin təşkilatın dünyada sabitliyi təmin etmək üçün təxminən 10 milyard dolları çatışmır. Holseter zəngin ölkələrin, şirkətlərin və şəxslərin boşluğu dolduracağına ümid edir.
Ukraynadakı münaqişə ilə bağlı iqtisadi sanksiyalar və gərginlik qlobal mineral gübrə bazarına təsir edən əsas amilə çevrilib. Qiymətlər gözlənilmədən dəyişir. Əgər 2022-ci ilin əvvəlində azot gübrələrinin qiyməti kəskin şəkildə qalxmışdısa, iyunun sonunda qiymətlər iki dəfə azalıb, kalium əsaslı gübrələr isə əksinə, rekord səviyyəyə qalxıb. Mütəxəssislərin fikrincə, bunun səbəbi qazın qiymətinin yüksək olması, tələbatın azalması və məhsul qıtlığıdır.