1940-cı il. İtaliya şəhəri. Turin. İstedadlı şirniyyatçı Pyetro Ferrero ailə başçısı və üç uşaq atası olaraq, həyat yoldaşı ilə birlikdə kiçik çörəkxanada işləyir. Çörəkxana Pyetroya atasından miras qalır. Tezliklə gənc şirniyyatçı onu qənnadıya çevirir. Ferrero yeni reseptlər yoxlayır, biznes inkişaf edir, lakin İkinci Dünya müharibəsi onu həyat yoldaşı və uşaqları ilə birlikdə İtaliyanın şimalına köçməyə məcbur edir.
Burada evli cütlük öz sevimli işinə qayıdır – yeni qənnadı açır və bu, onların uğura gedən yolunun başlanğıcı olur. Yenilikçiliyə meyilli olan Pyetro şokoladlı pasta yaradır. Resepti dəyişərək, o, bu incəsənət əsərini şəhər əhalisinin, eləcə də bütün italyanların yeni ləzzət növünə çevirir.
Beləliklə, Pyetro Alba şəhərinin ən yaxşı şirniyyatçısı olur. Buna görə meriya əlamətdar gün üçün şirniyyat hazırlamağı məhz ona tapşırır. Ferrero şirniyyatın hazırlanmasına bir gün sərf edir və hər şey hazır olduqdan sonra onu masada qoyaraq evə istirahət etməyə gedir. Səhər-səhər dükana gələndə Ferreronu böyük məyusluq gözləyir. O, hazırladığı şirniyyatın şokolad gölməçələrinə çevrildiyini görür. İsti hava onu əridib.
Amma Pyetro çətin vəziyyətlərdə fürsət görən insanlardan idi. O, şokoladlı gölməçələri təzə bişmiş çörəyin üzərinə sürtdü və təəccübləndi – bu, çox dadlıdır! Beləliklə, meriyaya şirniyyat deyil, şokoladlı sendviçlər göndərildi. Bütün qonaqlar məmnun qaldı.
1946-cı ildə Pyetro fabrik açdı və şirkətinə “Ferrero” adını qoydu. 10 ildən sonra onun məhsulları İtaliyadan kənarda tanınmağa başladı.
Qayıdaq Ferreronun “Kinder”i, daha doğrusu “Kinder Sorpresa”nı yaratması hekayəsinə. Ədalət naminə, yumurtanın içinə oyuncaq qoymaq ideyasının ona aid olmadığını etiraf etmək lazımdır. İtaliyada çoxdan belə bir ənənə var: Pasxa bayramından əvvəl valideynlər uşaqlar üçün yumurta formalı kekslər hazırlayırlar və içinə oyuncaq və ya dəmir pul qoyurlar.
Pyetronun nəvələrindən biri olan Mikele bu ideyanı istehsalatda həyata keçirmək qərarına gəldi, amma yumurtanı xəmirdən yox, şokoladdan hazırlamağa qərar verdi. “Kinder” yumurtaları 1974-cü ildən istehsal olunmağa başladı. “İçlik” (plastikdən olan sarı kapsul) təbii yumurta sarısı şəklində idi. O ki qaldı oyuncaqlara, onların dizaynı üzərində isveçrəli mütəxəssis Henri Rot çalışdı.
“Ferrero”nun yeni məhsulu “Kinder Sorpresa” adını aldı, çünki onun hədəf auditoriyası uşaqlar idi. Şokoladlı yumurta italyanlarda böyük maraq oyatdı və ilk partiya bir saat ərzində satıldı. Adi oyuncaqlardan əlavə, yumurtanın içinə kiçik heykəlciklər də qoyulurdu, uşaqlar onları toplayaraq kolleksiya toplayırdı.
Bu heykəlciklər əl ilə rənglənirdi, hansı ki çox vaxt və səy tələb edirdi, ona görə də heykəlciklər hər yumurtanın içinə qoyulmurdu. Oyuncağın yaradılması ideyadan başlayırdı. Məsələn, əfsanəvi begemotlar “Ferrero”nun inkişaf şöbəsinin bəhrəsi idi. Tayvanda səyahət edən Pyetro begemot heykəlini görür və belə bir kolleksiya yaradacağına qərar verir.
Yeni oyuncaq kolleksiyası təqdim edilməzdən əvvəl xüsusi qəliblər hazırlanır. Bundan sonra sınaq partiya istehsal edilir. Heykəlciklərin keyfiyyəti qiymətləndirildikdən və təsdiq edildikdən sonra tam həcmdə istehsala başlanılır.
“Kinder Surprise” bütün Avropanı fəth etdiyi zaman ABŞ-da bu yumurtalar qadağan edilmişdi. Səbəb onunla bağlı idi ki, 1938-ci ildə ölkədə qanun var idi və ona əsasən, tərkibində yeyilməz komponentlər olan qənnadı məmulatların satışına icazə verilmirdi. Bundan əlavə, kiçik oyuncaqlar uşaqların sağlamlığı üçün təhlükəli idi. Qadağa yalnız 2013-cü ildə aradan qaldırıldı. Amerika standartlarına cavab vermək üçün yumurtaların dizaynı kökündən dəyişdirildi.
İnkişafının növbəti mərhələsində “Ferrero” qərara gəldi ki, təkcə uşaqları deyil, həm də yeniyetmələri sevindirmək lazımdır. Buna görə də, 1981-ci ildə “Kinder Chocolate Maxi”ni yaratdı.
Tədricən başqa şirkətlər “Ferrero”nu təqlid etməyə başladı. Lakin bu, heç bir şəkildə “Kinder”in uğuruna kölgə salmadı. Təkcə uşaqlar deyil, böyüklər də oyuncaqlar toplayırdılar. Nadir tapılan nümunələr hərraclarda 500-1000 dollar qiymətinə satılırdı.
Bu gün “Kinder”in baş ofisi Lüksemburqda yerləşir. Orada təxminən 20 min işçi çalışır. Qeyd edək ki, şirkət indi də çevik iş qrafikini tətbiq edir. Bu o deməkdir ki, hər bir işçi iş vaxtını özü seçir. Bununla şirkətin rəhbərliyi işçilərin ehtiyaclarına hörmət etdiyini ifadə edir.