25 C
Baku
Friday, April 19, 2024

Dünyanı şoka salan əməl. Pavel Durov “WhatsApp”ın necə cəsusluq alətinə çevrildiyindən yazır

Xəbər verildiyi kimi bu günlərdə dünyada ən populyar messencerlərdən hesab edilən  “WhatsApp”üzərindən mobil telefonlara istifadəçinin bütün hərəkətlərini, danışıqlarını, görüntülərini izləməyə imkan verən casus proqramın yükləndiyi üzə çıxıb. Həmin proqram İsrail şirkəti tərəfindən təhlükəsizlik orqanlarının terrorçuluğa qarşı mübarizə aparmasında tətbiq olunmaq üçün hazırlanıb. Lakin əslində məlum olub ki, proqram mobil telefon istifadəçilərinin total izlənilməsi üçün tətbiq edilir. Proqramın mobil telefona yüklənməsi isə çox sadədir.

Əvvəlcə istifadəçinin telefonuna  “WhatsApp” üzərindən zəng daxil olur və istifadəçinin həmin zəngi cavablandırıb-cavablandırmamasından asılı olmayaraq casus telefona yüklənir. Daha sonra həmin zəng zənglər jurnalından öz-özünə yoxa çıxır. Və istifadəçi telefonunda casusun olmasından duyuq düşmür. Həmin proqram telefonun mikrofonu üzərindən istifadəçinin danışıqlarını dinləyir, yazışmalarını ələ keçirir və cihazın yaddaşındakı fayllara çıxış əldə edir, habelə istifadəçinin yerini müəyyənləşdirir.

“WhatsApp” həmin casusun proqram təminatındakı hansısa boşluqdan istifadə etdiyini və həmin qüsurun aradan qaldırıldığını açıqlayıb. Lakin digər populyar messencerin-“Telegram”ın sahibi Pavel Durov “WhatsApp”-ın qəsdən istifadəçilərin izlənilməsinə şərait yaratdığını bildirir.

big brother watching cesusDurovun məktubunun ruscaya tərcüməsi “Forbes”də dərc edilib. Bu həmin Durovdur ki, “Telegram”ın kodunu Rusiya xüsusi xidmət orqanlarına verməkdən imtina etdiyi üçün həbs təhlükəsi ilə üzləşmişdi və ABŞ-a qaçmışdı.

“Dünya bu xəbərlə şokdadır ki, “WhatsApp” bütün telefonları casusluq alətinə çevirib. Sizin telefonlarınızdakı hər şey, o cümlədən fotoşəkillər, məktublar və yazışmalar hakerlərin əlinin altındadır, sadəcə olaraq ona görə ki, siz telefonunuza “WhatsApp” yükləmisiniz. Lakin bu xəbər məni təəcübləndirmir. Ötən il “WhatsApp” etiraf etməyə məcbur oldu ki, artıq belə problemlə qarşılaşıb: haker “WhatsApp” üzərindən cəmi bir video-zəng etməklə sizin telefonlarınızın bütün məlumatlarına çıxış əldə edir. Hər dəfə “WhatsApp”-da kritik əlçatanlıq ortaya çıxanda onu aradan qaldırırlar, amma yerində yenisi peyda olur. Onun təhlükəsizliklə bağlı bütün problemləri qəribə şəkildə casusluqla bağlıdır və bekdor (arxa qapı) kimi işləyir”-Durov belə yazır.

O bildirir ki, “Telegram”-dan fərqli olaraq “WhatsApp” açıq kodlu proqram deyil. Ona görə də təhlükəsizlik məsələləri ilə bağlı araşdırma aparanlar proqramda bekdorlar olduğunu aşkar edə bilmirlər. “WhatsApp” nəinki öz kodunu açıqlamır, tamam əksini edir, mobil əlavənin kodunu şifrələyir ki, heç kim onu incələyə bilməsin.

Durova görə ola bilsin “WhatsApp”-ı və onun ana şirkəti Facebook-u belə bekdorlar qoymağa məcbur edirlər. Çünki ABŞ xüsusi xidmət orqanları hər şeyi izləyir.

“2016-cı ildə bizim komanda cəmi bir həftəlik ABŞ-da olanda Federal Təhqiqatlar Bürosu üç dəfə “Telegram”ın sisteminə daxil olmağa cəhd etdi. Təsəvvür edin ki, on ildir belə mühitdə işləyən Amerika şirkətləri ilə bağlı nələr olur. Mən başa düşürəm ki, təhlükəsizlik xidmətləri bekdorların qoyulmasını terrorla mübarizə ilə əsaslandırır. Lakin problem bundadır ki, həmin bekdorlardan hakerlər və avtoritar rejimlər də yararlanır. Təsadüfi deyil ki, diktatorlar “WhatsApp”-ı sevir. Bu əlavədə müdafiənin olmaması onlara öz xalqına qarşı casusluq etməyə imkan yaradır. Ona görə də “WhatsApp” hələ də Rusiya və İran kimi ölkələrdə sərbəstdir, “Telegram” isə qadağan olunub”-Durov bildirir.

Pavel Durov yazır ki, o “Telegram”ı Rusiya hakimiyyətinin təzyiqlərinə birbaşa cavab olaraq işləyib hazırlayıb. Belə ki, 2012-ci ildə “WhatsApp” hələ də mesajları şifrəsiz ötürürdü. Bu isə sərsəmlik idi. Çünki təkcə hökumətin hakerləri yox, mobil provayderlər və hətta Wi-Fi administratorları da istifadəçilərin yazışmalarını izləyə bilirdi.

Sonradan “WhatsApp” şifrələmə elementi əlavə etdi. Amma Durova görə bu da sadəcə marketinq tələsi idi. Çünki deşifrənin kodu bir neçə hökumətə, o cümlədən Rusiya hakimiyyətinə verilmişdi. Sonradan “WhatsApp” populyarlaşanda sahibləri bu mobil əlavəni Facebook-a satdılar.

Üç il əvvəl “WhatsApp” elan etdi ki, bir başdan o başa qədər şifrələmə tətbiq edir və heç bir üçüncü tərəf istifadəçinin yazışmalarına çıxış əldə edə bilməz. Eyni zamanda onlar istifadəçilərə israrla tövsiyə etdilərki, çatların öz bulud servislərində surətlərini yaratsınlar. Lakin şirkət istifadəçiləri həmin ehtiyat surətlərin şifrələnmədiyi haqda xəbərdar etmədi.

Durov bildirir ki, ötən il “WhatsApp”-ın əsasını qoyanlar istifadəçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə şirkəti tərk etdilər. Həmin şəxslər proqramda bekdorların olduğunu açıq etiraf etməsələr də təsdiq edirlər ki, istifadəçilərin təhlükəsizliyini “satıblar”.

“Mən anlaymıram ki, nəyə görə “WhatsApp” sahibləri daha çox informasiya vermək istəmirlər-öz komfortundan imtina etmək asan deyil. Bir neçə il əvvəl mən “Telegram”ın kodunu hakimiyyətə verməkdən imtina etdiyim üçün ölkəmdən qaçmalı oldum. Bu asan deyildi. Lakin mən bunu yedə edərdimmi? Böyük məmuniyyətlə. Biz hamımız bir gün öləcəyik, amma şəxsiyyət kimi uzun müddət qalacağıq. Ona görə də mən inanıram ki, pul yığmaq, şöhrət və hakimiyyət boş şeydir. İnsanlığa xidmət etmək uzunmüddətli perspektiv üçün mənası olan yeganə addımdır”-Durov yazır.

“Telegram”ın sahibi qeyd edir ki, milyonlarla insan indi “WhatsApp”-dan istifadə etməyə məcburdur, çünki onların yaxınları bu proqramdan istifadə edir, ünsiyyət saxlayır.

“Deməli biz “Telegram” insanları bu proqrama keçməyə inandıra bilməmişik. Son beş ildə “Telegram”ın istifadəçilərinin sayı yüz milyonlarla olub, amma bu da azdır. Digər tərəfdən istifadəçilərin çox hələ də Facebook/“WhatsApp”/İnstagram üçlüyünün girovudur. “Telegram”dan istifadə edənlərin bir çoxu isə həm də “WhatsApp”-dan istifadə edirlər, deməli onların telefonu hələ də əlçatandır”- o yazır.

Durov bildirir ki, “Telegram” 6 ilə yaxındır mövcuddur və hələ də üçüncü tərəfə bir bayt da olsun informasiya ötürməyib. Facebook və “WhatsApp” isə praktiki olaraq hər şeyi hökumətə işləyən hər kəsə ötürür.

Virtualaz

 

Son xəbərlər
Digər xəbərlər