Dünyanın ən böyük bukmeyker şirkətlərindən biri satıldı

ABŞ-ın kazino operatoru “Caesars Entertainment” dünyanın ən böyük bukmeykerlərindən olan Böyük Britaniyanın “William Hill” şirkətini satın aldıqlarını açıqlayıb.

3,7 milyard ABŞ dolları məbləğində alış-veriş sövdələşməsini gələn ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulur.

Daha əvvəl sözügedən bukmeyker şirkətinə “Apollo Global Management” sərmayəçi şirkətinin müştəri çıxdığı, amma daha sonra müraciət etmiş “Caesars”ın daha sərfəli qiymət təklif etdiyinə görə üstünlük qazandığı, üstəlik, əvvəlcədən “William Hill” ilə ABŞ-dakı birgə müəssisədə 20 faizlik paya malik olduğu bildirilir.

Bu gün verilən açıqlamada bu alış-veriş nəticəsində tərəflər işgüzar fəaliyyətlərini birləşdirərək müştərilərə vahid xidmətlər siyahısı təqdim edə biləcəklər. Həmçinin elektron məkanda da birləşmə nəticəsində “William Hill” müştəriləri “Caesars”ın kazino və mehmanxanalar şəbəkəsinin uyum proqramlarına daxil ola biləcəklər.

“Caesars”ın qənaətinə görə, birləşmiş şirkətin illik gəliri 600-700 milyon ABŞ dolları səviyyəsində olacaq.