“Brand Finance Source” tərəfindən aparılan araşdırmaya görə, dünyanın ən bahalı 100 İT brendinin dəyəri 3.2 trilyon dollara çatıb ki, bunun da 2.5 trilyon dolları 44 Amerika şirkətinin payına düşür.
Beləliklə, ABŞ-dən olan brendlərin payı 77.9% təşkil edir. 24 Çin brendi ümumi dəyərin 11.4%-ni, 9 yapon – 2.1%, 5 Cənubi Koreya – 3.9%, 5 Hindistan – 1.7% təşkil edir. “Apple” markası artıq ikinci ildir ki, reytinqdə birinci yeri tutur – onun dəyəri 11% artaraq 574.5 milyard dollara çatıb.
Sorğunun nəticələri göstərir ki, istehlakçıların 80%-dən çoxu bu marka ilə tanışdır, 45%-i isə “Apple” məhsul və ya xidmətlərindən istifadə etməyi düşünür.
Dünyanın ən bahalı markaları reytinqində ikinci yeri “Microsoft” (+35%, 461.1 milyard dollar), üçüncü yeri “Google” (+24%, 413 milyard dollar), dörd və beşinci yerləri isə müvafiq olaraq “Amazon” (+15%, 356.4 milyard dollar) və “TikTok” (+26%, 105.8 milyard dollar) tutub.
İT seqmentində ən kəskin dəyər artımı keçən il onuncu yerdən səkkizinci yerə yüksələn “Nvidia” markası (+98%, 87.9 milyard dollar) tərəfindən qeydə alınıb. Şirkət “Instagram” (+13%, 79.9 milyard dollar) və “Oracle”i (+8%, 57.4 milyard dollar) qabaqlayıb.