“Shell” il ərzində dəyərinin 10% azalmasına (45.4 milyard dollara qədər) baxmayaraq, dünyanın ən dəyərli neft və qaz brendləri siyahısında liderliyini qoruyub saxlayıb, bu barədə “Brand Finance” analitika şirkəti məlumat yayıb.
Reytinqdə ikinci yeri “Saudi Aramco” (+0.3%, 41.7 milyard dollar), üçüncü yeri “PetroChina” (+17%, 33.3 milyard dollar), dördüncü yeri isə digər Çin şirkəti — “Sinopec” (+5%, 29.8 milyard dollar) tutub.
Dəyəri 21% artaraq 23.6 milyard dollara çatan Amerikanın “ExxonMobil” şirkəti ötənilki on birinci yerdən beşinci, BƏƏ-nin ADNOC şirkəti isə səkkizinci yerdən altıncı yerə yüksəlib (+25%, 19 milyard dollar).
İlk onluğa həmçinin Fransanın “TotalEnergies” (+11%, 18.8 milyard dollar), “BP Plc” (-1%, 18.3 milyard dollar), “Equinor” (-6%, 15.7 milyard dollar) və “Chevron Corp” (-2%, 14.5 milyard dollar) daxil olub.
Qeyd edək ki, dünyanın ən bahalı neft-qaz şirkətləri reytinqinin ilk 50 pilləsində on altı Amerika (23.3%), üç Çin, iki Böyük Britaniya (14.3%), dörd Hindistan (3.5%) şirkəti yer alıb. Hərəsindən bir şirkətin reytinqə daxil olduğu BƏƏ, Fransa və Norveçin payı müvafiq olaraq 4.3%, 4.2% və 3.5% təşkil edir.