Son vaxtlar heşreyt (hashrate – mayninq avadanlığının hesablama gücünü əks etdirən göstərici) üzrə liderlər sırasına yüksələn mayninq şirkəti “Bitdeer” bitkoin ehtiyatını tamamilə satıb. Fevralın 20-də başa çatan həftə ərzində şirkət ehtiyatdan 943,1 BTC, əlavə olaraq isə 189,8 yeni hasil edilmiş bitkoin satıb.
“Bitdeer”in rəhbəri Cihan Vu bildirib ki, balansda bitkoinin olmaması müvəqqəti tədbirdir və gələcəkdə şirkət yenidən ehtiyat formalaşdıra bilər. O əlavə edib ki, satışlar “bazar üçün narahatlıq doğurmamalıdır”.
Şirkətdə izah ediblər ki, vəsaitlər elektrik enerjisinə qoşulmuş torpaq sahələrinin mümkün alınması üzrə sövdələşmələrə hazırlıq məqsədilə azad edilib.
“Bitdeer” iri maynerlər arasında bitkoin ehtiyatını tam sıfırlayan nadir nümunələrdən biridir. Müqayisə üçün, əsas rəqiblərdən biri olan “MARA Holdings” 53 mindən çox bitkoin saxlayır, “Riot Platforms” isə təxminən 18 min BTC-yə malikdir.







