18 C
Baku
Thursday, April 18, 2024

Dünyanın ən böyük “pul camaşırxanası” olan Latviyanın bank sistemi çökmək üzrə

Latviyada ölkənin müasir tarixində ən böyük maliyyə qalmaqalı güc qazanır və çox güman ki, o Avropanın tarixində ən hay-küylü qalmaqal olacaq. Nə baş verir və Rusiyanın bununla nə əlaqəsi var?  

Nə baş verib?

2018-ci il 13 fevral tarixində Maliyyə Cinayətlərinə qarşı Müdafiə Şəbəkəsi FinCEN (ABŞ Maliyyə Nazirliyinin bölməsi) Latviyanın ABLV Bank-ından pul yuyulmasına görə şübhələndiyini bildirib. Söhbət bankın Şimali Koreyanın silah proqramı ilə əlaqəsi, Rusiya və Ukrayna ilə qanunsuz pul əməliyyatları və korrupsiya ilə əlaqəsindən gedir. FinCEN bankın dollar müxbir hesablarını blok etməyi təklif edib. Növbəti həftə ərzində bankdan 600 milyon avro çıxarılıb və Latviyanın Maliyyə və Kapital Bazarları üzrə Komissiyası (MKBK) müştərilərin hesablarını və depozitlərini “dondurmalı” olub.

Fevralın 16-da Latviyanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun əməkdaşları Latviya Bankının rəhbəri İlmar Rimşeviçi nəzarət altına alıblar. O, qəsb və 100 min avro rüşvət almaqda ittiham olunur.

Fevralın 24-ü Avropa Mərkəzi Bankı (AMB) ABLV Bank və ABLV Bank Lüksemburqun Latviya və Lüksemburq qanunlarına uyğun olaraq ləğv edilməsi barədə məlumat verib. Fevralın 26-da ABLV Bank-ın səhmdarları növbədənkənar iclasda bankın özünü ləğv etməsi qərarını veriblər.

Özünü maliyyə mərkəzi kimi inkişaf etdirən bir ölkə üçün belə qalmaqal gələcək rifah üçün real təhlükədir.

ABLV Bank qalmaqalı Latviya Bankının rəhbərinin həbsi ilə bağlıdırmı?

Rimşeviçin nəzarətə alınması ABLV Banka qarşı ittihamlarla heç bir şəkildə bağlı deyil. Lakin bu zaman başqa bir bank ortaya çıxır – Norvik Banka: rusiyalı iş adamı, bankın əsas səhmdarı Qrigoriy Quselnikov Rimşeviçi rüşvət almaqda günahlandırıb.

ABLV Bank haqda nə bilirik?

Bu bank İsveçin Swedbank və SEB Banka banklarından sonra ölkənin üçüncü ən böyük bankıdır. 2017-ci ilin sonunda onun aktivləri 3.69 milyard avro idi. Bank Latviyanın ən varlı adamları Oleq Fil və Ernest Bernisə məxsusdur.

Beləliklə, ABLV Bank həqiqətən “çamaşırxana” olub?

Bankda bu ittihamları “açıq-aşkar böhtan” adlandırıblar. Lakin ilk dəfə deyil ki,  bankdan pulların yuyulmasına görə şübhələnirlər.

2016-cı ilin may ayında MKBK əvvəlki illərdə müəyyən müştəri anlaşmalarının iqtisadi və hüquqi baxımdan adekvat yoxlama və sənədləşləşməsinin bank tərəfindən təmin edilmədiyini təsbit etmişdi. Lakin bu iş başa çatdırılmamışdı: MKBK və ABLV Bank arasında razılıq imzalanmış və bu razılığa əsasən, bank 3.17 milyon avro məbləğində rekord cərimə ödəməyə borclu idi.

Maliyyə Nazirinin müşaviri Yuri Spiridonovun verdiyi məlumata görə, bu, son zamanlar bankın qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına etiraz etmədiyinə dair aldığı işarələrdən yalnız birincisi idi.

Latviyanın bütün bank sistemi “pulların yuyulması” ilə məşğul olur?

Latviya bankları həqiqətən qeyri-rezidentlərə xidmət göstərməkdə ixtisaslaşıblar. Qeyri-rezidentlərin depozitləri ölkənin bank kapitalının yarısını təşkil edir.

Mahiyyət etibarilə, Latviya şübhəli pulların Avropa Birliyinə daxil olduğu darvaza olub. Əslində aydın məsələdir ki, Latviya “pulların yuyulması” qlobal sxemində sadəcə bir vintdir. The Guardian qəzetinin məlumatına əsasən, “ümumdünya çamaşırxanasına” (The Global Laundromat) 17 iri Britaniya bankı (onların arasında HSBC, The Royal Bank of Scotland, Lloyds, Barclays göstərmək olar), həmçinin Amerikanın Citibank və Bank of America kimi bankları da daxildir. Qəzet ixtiyarında olan sənədlərə istinad edərək bildirib ki, 2010-2014-cü illərdə Rusiyadan qanunsuz olaraq 20 milyard dollar çıxarılıb, həqiqi rəqəm isə 80 milyard dollara çata bilər.

Şübhəli kapitalın qanuniləşdirilməsi ilə daha hansı Latviya bankları əlaqədardır?

2016-cı ildə çirkli pulların yuyulmasına qarşı kampaniya çərçivəsində Trasta Komercbanka və Latvijas Krājbanka bağlanıb. 2015-ci ilin sonunda PrivatBank 2 milyon avro, 2016-cı ilin mart ayında isə Baltic International Bank 1.1 milyon avro cərimələnib.

Latviya ərazisində fəaliyyət göstərən Skandinaviya banklarından bəziləri də “qlobal çamaşırxanada” iştiraka görə şübhəlidirlər.

Latviya üçün ABLV Bank-ın tənəzzülü və Rimşeviç qalmaqalı nə üçün təhlükəlidir?

Latviya hökuməti bank sektorunu inkişaf etdirmək niyyətindədir, lakin baş verən güclü qalmaqal bir maliyyə mərkəzi kimi Latviyanın gələcəyinin üzərindən xəttə çəkə bilər.

MKBK-nın məlumatına görə, qeyri-rezidentlərin Latviya banklarında yatırdığı əmanətlər 13 milyard dollara çatır və onların xidmətləri ölkəyə 0,8%-dən 1,5%-dək ÜDM gətirir. Moody’s bildirir ki, qeyri-rezidentlərin depozitləri Latviya bank sisteminin öhdəliklərinin təxminən 30%-ni təşkil edir. İndi ölkə bu pulları itirə bilər.

Latviya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına qoşulmağa hazırlaşır, lakin təşkilatın ekspertləri ölkənin pul şəffaflığını təmin edə bilməyəcəyini söyləyirlər. Latviya Mərkəzi Bankının rəhbərinin “camaşırxana”da olduğuna dair heç bir sübut yoxdur, lakin aydındır ki, yalnız ABLV Bank-ın günahlandırıldığı bu miqyaslı əməliyyatların Mərkəzi Bankın məlumatı olmadan aparılması qeyri-mümkün idi. Daha əvvəllər Avropa İttifaqında Mərkəz Bankın başçısının adı heç vaxt bu cür qalmaqalda çəkilməmişdi.

ABLV Bank-ın tənəzzülü ölkədə yerli kapitala malik bankların yox olmasına səbəb ola bilər. Fevralın ikinci yarısında Rusiya, Ukrayna və Belarus pullarının kütləvi şəkildə Latviya banklarından Kipr banklarına axını başlandı. Latviyanın orta sinifinin pulları Skandinaviya banklarına axacaq. Beləliklə, Latviya banklarına ehtiyac qalmayacaq.

 

Son xəbərlər
Digər xəbərlər