18 C
Baku
Saturday, October 18, 2025

Dünyanın ən gənc self-made milyarderi: Şeyn Koplan öz biznesini hamamdan başladıb $9 milyardlıq startapa necə çevirdi

Şeyn Koplan tarixə öz sərvətini sıfırdan özü qazanmış ən gənc milyarder kimi düşdü. Bu, Nyu-York Fond Birjasının sahibi olan Intercontinental Exchange (ICE) şirkətinin onun yaratdığı Polymarket platformasına $2 milyard investisiya yatırmasından sonra baş verdi. İstifadəçilərin müxtəlif hadisələrin nəticələrinə mərc edə bildiyi bu platformanın ümumi dəyəri $9 milyard qiymətləndirildi. Koplanın şirkətdəki 11%-lik payı isə onu dünyanın ən gənc self-made milyarderi etdi. Halbuki cəmi bir neçə il əvvəl o, Manhettendə kirayə haqqını ödəmək üçün şəxsi əşyalarını satmağa hazırlaşırdı.

Uşaq marağından milyarderliyə

Koplan Nyu-Yorkda doğulub və böyüyüb. Yeniyetmə yaşlarında texnologiyalara böyük maraq göstərməyə başlayıb və kriptovalyuta mayninqi ilə təcrübə aparıb. 2014-cü ildə, cəmi 16 yaşında olarkən, Ethereum tokenlərinin ilkin satışında iştirak edib və hər birini 30 sentə alıb. Bu gün həmin kriptovalyutanın qiyməti $4000-dan yuxarıdır.

Nyu-York Universitetinə daxil olsa da, Koplan çox keçmədən başa düşdü ki, onu ən çox maraqlandıran sahə kriptovalyutalardır. O, təhsilini yarımçıq qoyaraq tam şəkildə blokçeyn və desentralizasiya texnologiyalarına fokuslandı.

İlham mənbəyi və ideyanın doğuluşu

2019-cu ildə, kriptovalyuta sahəsindəki “birgə başlayıb, birgə batan” layihələrdən məyus olan Koplan iqtisadçı Robin Hansonun “proqnoz bazarları” haqqında yazılarına rast gəldi. Hanson qeyd edirdi ki, belə bazarlar cəmiyyətə hadisələrin mümkün nəticələrini — istər siyasi seçkilər, istər elmi kəşflər — daha dəqiq müəyyənləşdirməyə kömək edə bilər.

2020-ci ilin əvvəlində COVID-19 pandemiyası dünyanı bürüyəndə Koplan fürsəti dəyərləndirdi. Milyonlarla insan evdə karantin şəraitində idi — bəs niyə onlara real hadisələr üzərindən mərc etmək imkanı verilməsin? Beləcə, o, mart ayında öz vanna otağında müvəqqəti ofis qurdu və Polymarket layihəsini yaratmağa başladı. Platforma artıq iyun ayında istifadəyə verildi.

Qanunla qarşıdurma və ilk çətinliklər

Uğura gedən yol asan olmadı. Polymarket “əvvəl başla, sonra icazə al” prinsipi ilə işləyirdi ki, bu da ABŞ tənzimləyici orqanları ilə daimi toqquşmalara səbəb olurdu.
2022-ci ilin yanvarında Malların Fyüçers Ticarəti Komissiyası (CFTC) şirkətə $1,4 milyon cərimə kəsdi və ABŞ istifadəçilərinə xidmət göstərməyi qadağan etdi. Polymarket nə günahını etiraf etdi, nə də inkar, amma tələblərlə razılaşdı.

Buna baxmayaraq, tənzimləyicilər platformanın hələ də ABŞ-dan olan istifadəçiləri gizli şəkildə qəbul etdiyindən şübhələnirdi. Gərginlik 2024-cü il ABŞ prezident seçkilərindən sonra zirvəyə çatdı. Polymarket istifadəçiləri seçki nəticələrinə $3 milyarddan çox mərc qoydular və platforma ölkənin əsas proqnoz mənbələrindən birinə çevrildi. Trampın qələbəsindən bir həftə sonra, FBI agentləri Koplanın evində axtarış apararaq onun elektron cihazlarını müsadirə etdilər.

Böhran nöqtəsindən dönüşə

2025-ci il şirkət üçün dönüş ili oldu. İyul ayında ABŞ hökuməti Polymarket-ə qarşı bütün istintaqları dayandırdı. Həmin ay platforma $112 milyon qarşılığında CFTC tərəfindən lisenziyalaşdırılmış QCEX birjasını aldı və beləliklə, ABŞ bazarına rəsmi şəkildə qayıtmaq hüququ qazandı.

Avqustda isə Polymarket-in məsləhət şurasına Donald Tramp Jr. daxil oldu; onun 1789 Capital adlı vençur fondu platformanın investoruna çevrildi.
Oktyabrda ICE-in iştirakı ilə layihə Founders Fund (Peter Tilin fondu), Ethereum yaradıcısı Vitalik Buterin və digər tanınmış investorların da daxil olduğu siyahıdan ən azı $255 milyon cəlb etdi. Platforma hətta “South Park” serialının bir epizodunda da yer aldı.

Tarixi razılaşma

ICE ilə bağlanan sövdələşmə bu hekayənin zirvəsi oldu. Nyu-York Fond Birjasının sahibi $2 milyard investisiya qarşılığında Polymarket-in 20%-lik payını aldı və şirkətin dəyəri ilin əvvəlindəki $1,2 milyarddan $9 milyarda yüksəldi.

Beləcə, bir vaxtlar kirayəsini ödəmək üçün əşyalarını satmağa hazırlaşan gənc, indi dünyanın ən gənc self-made milyarderi kimi tarixə düşdü — və hamısı bir vanna otağında başlandı.

Son xəbərlər
Digər xəbərlər