Dünyanın ən varlı 500 nəfəri ABŞ-İran atəşkəsinin qüvvədə qalacağına ümid edərək, onlara məxsus səhmlərin bir gündə 265 milyard dollar qazandığını bildirib.
“Bloomberg”in məlumatına görə, qlobal fond bazarlarında ABŞ və İran arasında atəşkəsin davam edəcəyinə dair nikbinlik fonunda dünyanın ən varlı 500 insanı çərşənbə günü sərvətlərinə ümumilikdə 265 milyard dollar əlavə edib.
Bu, “Bloomberg Milyarderlər İndeksi” tərəfindən indiyə qədər qeydə alınan ikinci ən böyük birgünlük artım olub və ABŞ Prezidenti Donald Trampın planlaşdırılan tariflərə 90 günlük fasilə elan etməsindən təxminən bir il əvvəl müşahidə olunan 304 milyard dollarlıq artımdan geri qalıb.
Milyarderlərin qazancındakı artım, həmçinin investorların kövrək atəşkəsin neft qiymətlərinə təzyiqi azaltmağa və əsas qlobal enerji daşınması marşrutu olan Hörmüz boğazı vasitəsilə ticarətin bərpasına dəstək verə biləcəyinə dair əlamətləri alqışladığı zaman baş verib.
Çərşənbə günü “S&P 500” indeksi 2,5%, “Dow Jones” 2,85%, “Nasdaq” isə 2,8% artaraq dünyanın ən varlı insanlarının sərvətini artırıb. “Meta”nın baş direktoru Mark Zukerberq şirkətin səhmlərinin 6,5 faiz artmasından sonra sərvət indeksində ən böyük gündəlik artıma nail olub və kapitalına 12,8 milyard dollar əlavə edib. Fransalı milyarder Bernard Arnault və “Google” şirkətinin həmtəsisçiləri Lerri Peyc və Sergey Brin hər biri 8 milyard dollardan çox qazanc əldə edib. İndeksdə olan 61 nəfərin isə xalis sərvəti 1 milyard dollardan çox artıb.
Çərşənbə günü kəskin şəkildə dirçəlməsinə baxmayaraq, dünyanın ən varlı 500 adamının sərvəti 2026-cı ilin əvvəlindən bəri ümumilikdə 38,8 milyard dollar azalıb və onların ümumi sərvəti 11,7 trilyon dollar təşkil edib.






