Dünyanın ən varlı adamı və “Amazon” şirkətinin qurucusu Jeff Bezos iqlim dəyişikliyi ilə mübarizəyə 791 milyon dollar vəsait ayırıb.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, “Bloomberg”in verdiyi məlumata görə, “Bezos Earth Fund” fondundan (təbiətin qorunması üçün ümumi qrant miqdarı – 10 milyard dollar) ayrılan məbləğ 16 ekologiya təşkilatı arasında paylanacaq.
Qeyd edək ki, Bezos dəfələrlə “Amazon” daxilində xeyriyyəçiliyə az töhfə verdiyinə görə tənqid edilib. Belə ki, insanların fikrincə, şirkkət planetdəki iqlim dəyişikliyi ilə əlaqəli olan problemlərə heç bir reaksiya göstərmir. Bu tənqiddən sonra dünyanın ən böyük internet-riteyleri ətraf mühitin qorunmasına və Yer kürəsindəki iqlimə mənfi təsir edən istixana qazı tullantıları ilə mübarizəyə daha çox vəsait ayıracağını vəd edib.
Xatırladaq ki, 2018-ci ilin sentyabrında Bezos evsiz ailələrə kömək edən və eyni zamanda Montessori məktəbəqədər təhsil müəssisələri şəbəkəsini quran “Bezos Day One Fund”un maliyyələşdirilməsi üçün 2 milyard dollar vəsait ayırmışdır. O vaxtdan bəri, Bezos qeyri-kommersiya təşkilatlarına ümumilikdə 200 milyon dollar paylayıb. Bundan əlavə, milyarder 2020-ci ilin fevralında iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə 10 milyard dollarlıq “Bezos Earth Fund” fondunu yaratdığını açıqlayıb.